Microsoft bir müddətdir ki, Bing-i inkişaf etdirərək axtarış sistemləri arasında üstünlük əldə etməyə çalışır. Bing-ə süni intellektin inteqrasiya olunması onun daha böyük bir kütləyə xitab etməsinə səbəb olub. Belə ki, mart ayında Bing-in aktiv istifadəçilərinin sayı 100 milyona çatıb. Bunun nəticəsi olaraq, Firefox-un standart axtarış sisteminin Google-dan Bing-ə keçməsi ilə bağlı müqavilə bağlayacağı bildirilib.
Google və Mozilla arasındakı müqavilə ilin sonunda bitəcəyinə görə, Mozilla indidən Bing-i sınaqdan keçirməyə başlayacaq.
Microsoft-un Firefox ilə əməkdaşlığı Bing-in istifadəçi bazasını genişləndirmək və bazardakı mövqeyini möhkəmləndirmək üçün önəmli bir fürsətdir. Lakin ən son məlumatlara əsasən, axtarış sistemləri arasında Bing 2,79 faiz, Google isə 92,63 faiz paya sahibdir. Bing-in bazar payının indiyə qədərki ən yüksək səviyyəsi 9,92 faiz olub.
Brauzer baxımından qeyd etmək lazımdır ki, Firefox bazarda 2,77% istifadəçiyə xitab edir. Google Chrome isə 63 faizlə bu sahədə liderdir.