Az | EN

Nvidia ABŞ-də süni intellekt çipləri istehsalına başlayır

Nigar Sultanli
15 Aprel 2025 11:04
102 baxış
Nvidia ABŞ-də süni intellekt çipləri istehsalına başlayır

Dünyanın aparıcı çip istehsalçılarından biri olan Nvidia, süni intellekt (AI) çiplərinin istehsalını qismən ABŞ-a köçürmək məqsədilə Arizona və Texas ştatlarında bir milyondan çox kvadrat fut sahəni əhatə edən istehsal və sınaq müəssisələrinin inşasına başladığını açıqlayıb.

Şirkətin bəyanatına görə, Nvidia-nın yeni Blackwell seriyalı çiplərinin istehsalına artıq TSMC-nin Arizona, Feniksdəki zavodlarında start verilib. Paralel olaraq, Texasda “superkompüter” istehsalı üçün Foxconn ilə Hyustonda, Wistron ilə isə Dallasda yeni zavodlar qurulur. Çiplərin qablaşdırılması və sınaq mərhələləri üçün Nvidia Amkor və SPIL şirkətləri ilə əməkdaşlıq edir.

Houston və Dallas zavodlarında kütləvi istehsalın növbəti 12–15 ay ərzində sürətlənməsi planlaşdırılır. Nvidia-nın hədəfi isə növbəti dörd il ərzində ABŞ-da yarım trilyon dollar dəyərində AI infrastrukturu istehsal etməkdir.

Şirkətin icraçı direktoru Jensen Huang bildirib:

“Dünyanın süni intellekt infrastrukturunun mühərrikləri ilk dəfədir ki, ABŞ-da qurulur. ABŞ istehsal gücümüzü artırmaqla artan tələbi daha çevik qarşılamağımıza, təchizat zəncirimizin güclənməsinə və dayanıqlılığımızın artmasına kömək edir.”

Bu açıqlama, Nvidia-nın H20 çipinə qoyula biləcək ixrac nəzarətlərindən yayındığı bir vaxtda verilib. NPR-nin məlumatına görə, H20 – Nvidia-nın Çinə ixrac edilə bilən ən qabaqcıl çipi – ABŞ daxilində istehsal təşəbbüsü sayəsində məhdudiyyətlərdən qorunub. Prezident Donald Trump ilə bağlanan razılaşmaya əsasən, Nvidia ABŞ-da AI məlumat mərkəzləri üçün komponentlərə sərmayə qoymağa söz verib.

Eyni zamanda, bir çox texnologiya şirkətləri də Tramp administrasiyasının "Əvvəlcə Amerika" yanaşmasına uyğun olaraq, ABŞ-da süni intellekt sahəsinə sərmayələrini artırıblar. OpenAI, SoftBank və Oracle ilə birlikdə "Stargate Layihəsi" çərçivəsində 500 milyard dollarlıq ABŞ məlumat mərkəzi təşəbbüsünə qoşulub. Microsoft isə 2025-ci maliyyə ilində 80 milyard dollar dəyərində AI məlumat mərkəzi inşa etməyi planlaşdırır, bunun 50%-i ABŞ-da həyata keçiriləcək.

Donald Trump administrasiyası TSMC kimi şirkətləri də təzyiqlərlə ABŞ-da istehsala yönəltməyə çalışır. Məlumata görə, Prezident TSMC-yə ABŞ-da yeni zavod açmadığı təqdirdə 100%-ə qədər vergi tətbiq ediləcəyi xəbərdarlığını edib.

Nvidia-nın bu təşəbbüsünün yüz minlərlə yeni iş yeri yaratması və qarşıdakı onilliklər ərzində trilyonlarla dollarlıq iqtisadi təsir göstərməsi gözlənilir. Lakin ABŞ-da çip istehsalının genişləndirilməsi böyük çətinliklərlə də üzləşə bilər. Çindən gələn xammala qarşı mümkün ticarət məhdudiyyətləri, ixtisaslı əmək qüvvəsinin çatışmazlığı və Tramp administrasiyasının CHIPS Aktını zəiflətmə addımları kimi faktorlar, sektora ediləcək yeni investisiyaları ləngidə bilər.

Nəticə olaraq, Nvidia-nın bu qərarı, təkcə texnoloji inkişaf deyil, həm də ABŞ-ın süni intellekt sahəsində qlobal liderliyini möhkəmləndirmək məqsədi daşıyır.

© copyright 2022 | tech.az | info@tech.az