Az | EN

NVIDIA Böyük Britaniya startapı ‘Wayve’-ə 500 milyon dollar investisiya edib

Nigar Sultanli
21 Sentyabr 2025 22:06
44 baxış
NVIDIA Böyük Britaniya startapı ‘Wayve’-ə 500 milyon dollar investisiya edib

NVIDIA Böyük Britaniyanın Süni İntellektlə İşləyən Avtomobil startapı "Wayve"-ə böyük həcmdə investisiya etməyi planlaşdırır. Censen Huanq, Böyük Britaniyada süni intellektin inkişafı üçün 2 milyard funt sterlinq (təxminən 2,6 milyard dollar) investisiya ayıracağını bəyan edib. Bu investisiyanın 500 milyon dolları "Wayve" startapının növbəti maliyyələşdirmə raunduna yönəldiləcək.

2017-ci ildə qurulan "Wayve", sürücüsüz avtomobil sistemlərində unikal yanaşma tətbiq edir. Onların texnologiyası "qaydalara əsaslanan" deyil, "özünü öyrənən" bir model üzərində qurulub. Bu o deməkdir ki, sistem avtomobili idarə etməyi xüsusi proqramlaşdırılmış qaydalarla deyil, real məlumatlardan öyrənir. Bu metod sayəsində yüksək dəqiqlikli xəritələrə ehtiyac qalmır və sistem mövcud sensorlar, yəni kameralar və radarlar ilə rahatlıqla işləyə bilir. Bu da istehsalçılar üçün xərcləri azaldır.

"Wayve" startapı bu innovativ texnologiyasını avtomobil istehsalçılarına və digər texnologiya şirkətlərinə satmağı planlaşdırır.

"Wayve" startapı NVIDIA ilə sıx əməkdaşlıq edir. Startapın ikinci nəsil sürücüsüz platforması NVIDIA-nın GPU-larından istifadə edir. Bu həftə isə təqdim olunan üçüncü nəsil platforma üçün NVIDIA Drive AGX Thor avadanlıqdan istifadə ediləcək. Bu texnologiya "Wayve"-ə tam sürücüsüz, ən yüksək səviyyəli avtomobillər istehsal etməyə imkan verəcək.

Censen Huanq "Wayve"-in avtomobili ilə London küçələrində sınaq gəzintisi zamanı startapı "növbəti trilyon dollarlıq şirkət" adlandırıb. Bu, NVIDIA-nın "Wayve"in gələcəyinə necə böyük ümidlər bəslədiyinin göstəricisidir.

© copyright 2022 | tech.az | info@tech.az