Ölkənin ən böyük pərakəndə şəbəkəsi olan OBA marketlər innovasiya ekosisteminə töhfə vermək məqsədilə “SİD – Sənin İdeyan Dəstəklənir” layihəsini işə salıb. Layihə həm şirkət əməkdaşları, həm də xarici istedadlar üçün açıq platforma kimi fəaliyyət göstərəcək.
Adını “seed” (toxum) anlayışından alan təşəbbüs hər bir ideyanın düzgün mühitdə böyüyərək reallığa çevrilməsini simvolizə edir.
Layihənin əsas istiqamətləri:
OBA Intrapreneurship – şirkət əməkdaşları gündəlik iş proseslərini daha səmərəli etmək üçün innovativ ideyalarını təqdim edərək mentor dəstəyi ilə prototip mərhələsinə gətirə biləcəklər.
İnnovativ Həllər Marafonu – startaplar, gənc mütəxəssislər və yaradıcı şəxslər real biznes problemlərinə həllər təklif edərək layihələrini inkişaf etdirmək şansı qazanacaqlar.
Hazırda İnnovativ Həllər Marafonuna qeydiyyat davam edir. Bu il marafonun mövzusu “Müştəri məmnuniyyəti” olaraq seçilib. Yarış ideyaların ilkin təqdimatından MVP hazırlanmasına qədər bütün mərhələləri əhatə edəcək və iştirakçılara mentor dəstəyi, yeni bilik və tərəfdaşlıq imkanları qazandıracaq. Marafonun ümumi mükafat fondu 10 000 AZN təşkil edir.
OBA İnnovasiya Mərkəzinin açıqlamasında qeyd olunur ki, bu təşəbbüs istedadların dəstəklənməsi, yeni həllərin ortaya çıxarılması və ümumilikdə startap ekosisteminin güclənməsinə xidmət edəcək.
Qeyd edək ki, OBA MMC 2016-cı ildən fəaliyyət göstərir və hazırda 1600-dən çox market, 10 000-ə yaxın əməkdaş ilə ölkə üzrə xidmət göstərir.