Az | EN

Olduğun yerdən arayış al - myGov nədir?

Cəmil Hüseynzadə
06 Noyabr 2022 22:02
1391 baxış
Olduğun yerdən arayış al - myGov nədir?

Rəqəmsal transformasiyanın sürəti artıq kifayət qədər artıb. Bu sürət fonunda bir çox fiziki varlıqları rəqəmsal varlıqlarla əvəz edə bilib. 100 illər yaşı olan tarixi bir tablonu kompüter qrafikasında hazırlanan NFT-lərin, virtual koinlərin valyutaları əvəz etməsi (“coin”) bu məsələnin bariz nümunəsidir.

Xüsusilə, pandemiya dövrünün yaşanması insanların evdən çıxmadan bir çox işləri həyata keçirməsi üçün müxtəlif alətlərin meydana gəlməsinə səbəb oldu. Bütün dünyada uzaqdan iş rejiminin (“remote”) tətbiqi öyrətdi ki, bir çox işləri əslində evdən çıxmadan həyata keçirmək mümkündür. Bu işləri yerinə yetirmək üçün sadəcə bir kompüter və ya mobil telefon kifayətdir. Elektronlaşdırılmış bütün prosesləri bu cihazlarla yerindəcə yerinə yetirmək olur.

Bu rəqəmsallaşma və proseslərin elektronlaşması dövlət qurumlarının işlərinə də inteqrasiya edilib. Bu inteqrasiya bir çox proseslərin asanlaşmasına, vətəndaşların evdən çıxmadan lazımi sənədləri almasına şərait yaradıb.

Bir çoxumuzun yaşadığı əsas problemlərdən biri sənəd yığımı və sənədlərin təqib edilməsidir (izlənilməsidir). Bizim üçün olduqca yorucu və bəzən stresli olan bu prosesin əslində kifayət qədər asan həll yolu var: myGov portalı. Vətəndaşın məlumatlarının toplandığı və bu məlumatların istifadəsi şəraitinin yaradıldığı portal vasitəsi ilə vətəndaşlar öz arayışlarını ala, məlumatlarında düzəliş edə bilərlər.

myGov nədir?

myGov bir sıra dövlət idarələrindən fiziki olaraq əldə etməli olduğumuz arayışları bizə onlayn olaraq təqdim edən Elektron Hökümət portalıdır. Portalda qeydiyyatdan keçməklə istifadəçi bütün məlumatlarına rahat çıxış əldə edir. Bununla yanaşı istifadəçi (vətəndaş) həmin məlumatlara əsasən arayışlar da əldə edə bilər.

myGov portalından necə istifadə edə bilərik?

myGov portalı elektron sənəd almaq, izləmək və müraciət portalıdır. Bu prosesləri yerinə yetirmək üçün portaldan qeydiyyatdan keçib müvafiq bölmədən e-arayış almaq lazımdır. E-arayış müvafiq dövlət qurumlarına və ya özəl təşkilatlara təqdim edilməsi üçün verilir. Vətəndaşın aldığı sənədlərin həqiqiliyinin tanınması üçün sənədlərin üzərinə QR kod yerləşdirilib. Bu kod vasitəsi ilə sənədlərin həqiqiliyi 3-cü tərəflər tərəfindən yoxlanıla bilir.

myGov portalının üstünlükləri.

myGov portalının bir sıra üstünlükləri vardır ki, bu üstünlüklər vətəndaşların günlük həyatını asanlaşdırmaqla yanaşı vaxtlarına da qənaət etmələrinə səbəb olur.

  • Dövlət xidmətlərindən bir portal vasitəsi ilə istifadə etmək (Məlumatları izləmək, arayış almaq və s.)
  • Etibarlılıq müddəti bitən sənədlər və yenilənən məlumatlar haqqında bildirişlər almaq
  • Məlumatların ötürülməsində icazə
  • Dövlət qurumlarına birbaşa müraciət
  • Bütün şəxsi məlumatlara çıxış

Orta hesabla myGov platformasından həftəlik 400 mindən çox vətəndaş istifadə edir.

© copyright 2022 | tech.az | info@tech.az