OpenAI, bu dəfə bir məhsul deyil, bir komanda alaraq diqqət çəkib. Şirkət, Apple-ın tətbiqləri üçün Sİ ilə kod yazmağa kömək edən "Alex Codes" startapının bütün komandasını öz heyətinə qatdı.
Alex Codes-un qurucusu Daniel Edrisian bu razılaşmanı təsdiqləyərək bildirib ki, onların komandası artıq OpenAI-ın kodlaşdırma üzərində işləyən Codex bölümünə qoşulub.
Alex Codes layihəsi 2024-cü ildə yarananda Apple-ın özünün kod yazmaq üçün AI dəstəyi yox idi. Lakin bu ilin əvvəlində Apple özü proqramına belə bir funksiyanı əlavə etdi. Bu səbəbdən, Alex Codes-un kənardan gələn bir alət kimi əhəmiyyəti azaldı. Komandanın bu səbəbdən OpenAI-yə keçib-keçmədiyi dəqiq deyil.
Qeyd edək ki, mövcud istifadəçilər "Alex Codes" tətbiqindən istifadə edə biləcəklər, lakin 1 Oktyabrdan sonra tətbiqi yükləmək mümkün olmayacaq.
OpenAI daha əvvəl də bənzər addımlar ataraq şirkətləri məhsuluna görə deyil, bilik və təcrübələrinə görə özünə cəlb edib. Məsələn, bu yaxınlarda Statsig adlı başqa bir startapı da eyni məqsədlə 1.1 milyard dollara satın almışdı.