Az | EN

OpenAI çip istehsalçısı Cerebras ilə 10 milyard dollarlıq razılaşma imzalayıb

Cəmil Hüseynzadə
15 Yanvar 2026 14:46
48 baxış
OpenAI çip istehsalçısı Cerebras ilə 10 milyard dollarlıq razılaşma imzalayıb

OpenAI süni intellekt çipləri istehsalçısı Cerebras ilə çoxillik əməkdaşlıq razılaşması imzaladığını açıqlayıb. Razılaşmaya əsasən, Cerebras bu ildən başlayaraq 2028-ci ilə qədər OpenAI-yə 750 meqavat hesablama gücü (compute) təqdim edəcək.

Məlumata yaxın mənbələrin bildirdiyinə görə, razılaşmanın dəyəri 10 milyard dolları ötür. Bu barədə TechCrunch və Reuters də məlumat yayıb.

Şirkətlər bildiriblər ki, razılaşmanın əsas məqsədi OpenAI istifadəçiləri üçün cavabların daha sürətli təqdim olunmasını təmin etməkdir. OpenAI-nin açıqlamasında qeyd olunub ki, yeni sistemlər hazırda daha çox vaxt tələb edən sorğuların emalını sürətləndirəcək. Cerebras-ın həmtəsisçisi və baş direktoru Endryu Feldman isə bildirib ki, “necə ki, genişzolaqlı internet interneti dəyişdi, real vaxtda inferensiya da süni intellekti dəyişəcək”.

On ildən artıqdır fəaliyyət göstərən Cerebras şirkətinin nüfuzu 2022-ci ildə ChatGPT-nin istifadəyə verilməsindən və süni intellekt bumundan sonra xeyli artıb. Şirkət iddia edir ki, süni intellekt üçün xüsusi hazırlanmış çiplərə əsaslanan sistemləri Nvidia kimi GPU əsaslı həllərdən daha sürətlidir.

Cerebras 2024-cü ildə IPO üçün müraciət etsə də, prosesi bir neçə dəfə təxirə salıb. Bu müddətdə şirkət böyük həcmdə investisiya cəlb etməyə davam edib. Son məlumatlara görə, Cerebras 22 milyard dollar dəyər qiymətləndirmə ilə əlavə 1 milyard dollar investisiya cəlb etmək üçün danışıqlar aparır. Qeyd edək ki, OpenAI-nin baş direktoru Sem Altman artıq Cerebras-a investor kimi qoşulub və OpenAI bir vaxtlar şirkəti satın almağı da nəzərdən keçirib.

OpenAI-nin nümayəndəsi Saçin Katti bildirib ki, şirkətin strategiyası müxtəlif iş yükləri üçün uyğun hesablama sistemləri yaratmaqdır. Onun sözlərinə görə, Cerebras OpenAI platformasına aşağı gecikməli inferensiya həlli əlavə edərək daha sürətli cavablar və real vaxt süni intellektinin genişlənməsi üçün güclü baza formalaşdıracaq.

© copyright 2022 | tech.az | info@tech.az