OpenAI şirkətinin maliyyə direktoru Sara Friar bildirib ki, Azərbaycan dili ChatGPT platformasında ən sürətlə böyüyən dillər arasında yer alır. O, bu barədə “All-In Podcast” verilişində çıxışı zamanı danışıb.
Friarın sözlərinə görə, hazırda ChatGPT-də istifadəçi artımının ən sürətli müşahidə olunduğu region Afrika qitəsidir. Bununla yanaşı, dillər üzrə statistik göstəricilərdə Azərbaycan və qazax dilləri xüsusi dinamika nümayiş etdirir.
OpenAI rəsmisi bu tendensiyanı “inanılmaz” adlandıraraq qeyd edib ki, bu göstəricilər süni intellekt texnologiyalarının dünyanın müxtəlif bölgələrində sürətlə yayılmasını və daha geniş auditoriyalara çatmasını əks etdirir.
Sara Friar vurğulayıb ki, bu artım OpenAI-ın süni intellekti bütün bəşəriyyətin rifahı naminə əlçatan etmək missiyasına uyğundur. Onun sözlərinə görə, ChatGPT hazırda hər həftə 900 milyondan çox istifadəçi tərəfindən istifadə olunur və bir çox insan üçün süni intellektlə ilk tanışlıq məhz bu platforma vasitəsilə baş verir.
Maliyyə direktoru əlavə edib ki, şirkətin strategiyası yalnız müəssisələrə deyil, həm də fərdi istifadəçilərə və müxtəlif dil qruplarına çatmağı hədəfləyir. OpenAI hesab edir ki, süni intellektin üstünlükləri dünyanın hər yerində insanlar üçün əlçatan olmalıdır.
