Az | EN

OpenAI-nin rüblük gəliri 10 milyard dollara çatıb, əməliyyat zərəri isə 10,9 milyard dollar olub

Cəmil Hüseynzadə
11 Noyabr 2026 15:04
79 baxış
OpenAI-nin rüblük gəliri 10 milyard dollara çatıb, əməliyyat zərəri isə 10,9 milyard dollar olub

OpenAI-nin 2026-cı ilin üçüncü rübündə gəliri ilk dəfə 10 milyard dollara çatıb. Bu, əvvəlki rüblə müqayisədə təxminən 50%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 160% artım deməkdir. Bu barədə Bloomberg investorlarla keçirilən görüşdə açıqlanan məlumatlara istinadən yazıb.

Bununla yanaşı, şirkətin düzəliş edilmiş əməliyyat zərəri ikinci rübdəki 10,1 milyard dollardan üçüncü rübdə 10,9 milyard dollara yüksəlib. The Wall Street Journal-ın məlumatına görə, bu rəqəmə əməkdaşlara verilən kompensasiyalar üzrə əlavə 2,6 milyard dollarlıq xərc daxil deyil. Əməliyyat marjası isə -150%-dən -109%-ə qədər yaxşılaşıb.

OpenAI-nin gəlir artımında əsas rol korporativ biznesin genişlənməsinə məxsusdur. Şirkətin prezidenti Qreq Brokmanın sözlərinə görə, bu istiqamət üçüncü rübdə iki dəfə böyüyərək OpenAI-nin ən böyük gəlir mənbəyinə çevrilib. Proqramlaşdırma alətlərinə, süni intellekt agentlərinə və GPT-5.6, Astra kimi yeni modellərə tələbat da artıb.

Bu dövrdə ChatGPT-nin ödənişli abunəçilərinin sayı 100 milyona yaxınlaşıb. OpenAI üçüncü rübdə təxminən 200 milyon yeni pulsuz və 22 milyon ödənişli istifadəçi qazanıb.

© copyright 2022 | tech.az | info@tech.az