OpenAI çiplərin istehsalı üçün dünyada ən böyük və ən qabaqcıl çip istehsalçısı olan TSMC ilə danışıqlar aparıb. Şirkət NVIDIA-dan asılılığını azaltmaq istəyir və ilk daxili (in-house) süni intellekt çiplərini istehsal etməyə hazırlaşır.
Mənbələrin bildirdiyinə görə, OpenAI çipin mühəndislik və dizayn proseslərini bir neçə aya tamamlamağı, ilin ikinci yarısında isə istehsal prosesinə keçməyi hədəfləyir. Rəsmi açıqlama verilməsə də, Reuters OpenAI-nın TSMC ilə birlikdə işlədiyini və "tape-out" adlı test mərhələsinə hazırlaşdığını bildirib.
Şirkətin 2026-cı ilə qədər TSMC zavodlarında kütləvi istehsala başlamağı planlaşdırdığı deyilir. İstehsal üçün hazır vəziyyətə gətirilmə mərhələsi olan "Tape-out" üçün təxminən 100 milyon dollar sərf olunacağı da iddia edilir. Bu mərhələnin bu qədər baha olması isə burada istehsal xətalarının ən intensiv şəkildə araşdırılması ilə bağlıdır. Tape-out zamanı inteqrasiya edilmiş dövrələr və ya çaplı dövrə kartları üçün uyğunluq problemləri test edilir və istehsal prosesi optimallaşdırılır.