Süni intellektdən istifadə edərək dərman kəşfi sahəsində inqilabi addımlar atan biyotexnologiya startapı Chai Discovery 70 milyon dollar investisiya cəlb edib və şirkətin dəyəri 550 milyon dollara yüksəlib. Bu investisiya turunda Menlo Ventures, Thrive Capital, OpenAI, DST Global Partners və Steve Jobs-un oğlu tərəfindən təsis edilmiş xərçəngə yönəlik investisiya fondu Yosemite iştirak edib.
2023-cü ildə Joshua Meier və Jack Dent tərəfindən təsis edilən Chai Discovery müalicəsi çətin olan xəstəliklər üçün daha sürətli və effektiv dərmanlar yaratmağa yönəlib. Şirkətin hazırladığı süni intellekt modeli, xəstəlik törədən spesifik proteinləri hədəfləyərək onların funksiyalarını dəyişdirə biləcək molekulların dizaynını sürətləndirir.
Son model — Chai-2 — xəstəlik yaradan proteinləri hədəfləyərək antikorları sıfırdan dizayn etmək qabiliyyətinə malikdir. Şirkətin apardığı sınaqlarda 50 protein hədəfi üzrə hər 6 proteindən birində uğurlu nəticə əldə olunub. Müqayisə üçün qeyd edək ki, ənənəvi metodlarda bu göstərici 1000 proteindən yalnız birində olur.
Chai-nin təsisçi ortağı Jack Dent ənənəvi dərman inkişafını “milyonlarla açar sınayaraq kilidə uyğun olanı tapmaq” kimi təsvir edir. O, əlavə edib: “İndi isə hədəf proteini müəyyən edib, ona uyğun xüsusi ‘açar’ dizayn edə bilirik. Bu, biotexnologiya sahəsində analoqdan rəqəmsal dövrə keçidin başlanğıcıdır.”
Süni intellektlə kəşf edilən molekullar erkən klinik mərhələlərdə ümidverici olsa da, hələ heç bir AI əsasında dərman rəsmi təsdiqini almamışdır. Chai CEO-su Joshua Meier isə qeyd edib ki, “Biyotexnologiya sahəsində çoxlu parlaq ideyalar uğursuzluqla nəticələnib, amma indi daha möhkəm texnoloji baza mövcuddur.”
Bundan əlavə, şirkət keçmiş Pfizer-in baş elmi işçisi Mikael Dolsten-in idarə heyətinə qoşulduğunu açıqlayıb.
Bu investisiya və yeniliklər Chai Discovery-nin süni intellektlə dərman kəşfində rolunu gücləndirərək gələcəkdə daha effektiv müalicələrin inkişafına töhfə verməsini təmin edəcək.