Az | EN

OpenAI tibbi startap Torch-u satın aldı

Cəmil Hüseynzadə
13 Yanvar 2026 15:34
49 baxış
OpenAI tibbi startap Torch-u satın aldı

OpenAI San-Fransiskoda yerləşən tibbi texnologiya startapı Torch-u satın aldığını açıqlayıb. Mənbələrin The Information nəşrinə verdiyi məlumata görə, sövdələşmənin dəyəri OpenAI səhmləri ilə təxminən 100 milyon dollar təşkil edib. Şirkətin həmtəsisçisi Adrian Aun da LinkedIn paylaşımında məbləğin 100 milyon dollardan çox olduğunu bildirib.

Torch insanın bütün tibbi məlumatlarını — həkim qəbulları, laborator analizlər və geyilə bilən qurğuların statistikası daxil olmaqla — bir platformada birləşdirən süni intellekt tətbiqi üzərində çalışırdı. Startap bu texnologiyanı “Sİ üçün tibbi yaddaş” adlandırırdı.

Torch-un dörd nəfərlik komandası OpenAI-yə keçəcək. 2026-cı ilin yanvarında ChatGPT-yə Health adlı yeni bölmə əlavə edilib. Bu bölmə sağlamlıq monitorinqi tətbiqlərini və elektron tibbi kartları qoşmağa imkan verir. Torch-un keçmiş əməkdaşlarının OpenAI-də hansı vəzifələrdə çalışacağı hələ açıqlanmayıb.

Qeyd edək ki, Torch-un həmtəsisçiləri İlya Abızov və Adrian Aun 2016-cı ildə birlikdə Forward adlı başqa bir startap da qurmuşdular. Şirkət həkimlər üçün süni intellekt əsaslı tibbi kabinetlər hazırlayırdı. Forward 2024-cü ildə 400 milyon dollardan çox investisiya cəlb etsə də, qısa müddət sonra fəaliyyətini dayandırdı, tətbiqə dəstəyi kəsdi və 200 nəfərlik heyəti buraxdı. Aunun sözlərinə görə, layihə öz dövrünü qabaqlamışdı.

İlya Abızov bundan əvvəl Uber-də çalışıb, UberX tarifinin işə salınmasına rəhbərlik edib və şirkətin San-Fransisko bölməsini idarə edib. O, Dartmut Kollecini və Stenford Biznes Məktəbini bitirib.

Adrian Aun isə Forward-u yaratmazdan öncə Google-un o vaxtkı baş direktoru Larri Peyc üçün xüsusi layihələr üzərində çalışıb. Onlardan biri “ağıllı şəhərlər”in inkişafı ilə məşğul olan Sidewalk Labs şirkəti olub.

© copyright 2022 | tech.az | info@tech.az