Özbəkistanın Dövlət Aktivlərinin İdarə Edilməsi Agentliyi mobil rabitə operatoru Mobiuzun (Universal Mobile Systems) nizamnamə kapitalındakı 100%-lik dövlət payının satışı üzrə beynəlxalq açıq müsabiqəni başa çatdırıb.
Müsabiqənin qalibi ABŞ-ın McKim and Company şirkətinin rəhbərlik etdiyi maliyyə investorları konsorsiumu olub. Konsorsiumun texnoloji tərəfdaşı kimi JVR Enterprises LLC (JVR Capital Group) iştirak edir.
Təklifə əsasən, Mobiuz şirkəti 351 milyon ABŞ dolları dəyərində qiymətləndirilib. Bundan əlavə, investorlar telekommunikasiya infrastrukturunun inkişafına 500 milyon dollara qədər əlavə sərmayə yatırmağı planlaşdırırlar.
Satış prosesinə ABŞ, Yaponiya, Körfəz ölkələri, Avropa və Cənubi Qafqazdan 15-dən çox investor qatılıb. İlkin mərhələdə 10 təklif qəbul edilib, final mərhələsinə isə 6 məcburi təklif çıxarılıb.
Özəlləşdirmə prosesində beynəlxalq məsləhətçilər iştirak edib. Strateji məsləhətçi kimi Rothschild & Co, maliyyə məsləhətçisi kimi KPMG, müstəqil qiymətləndirici kimi isə Deloitte çıxış edib.
Agentliyin məlumatına görə, təklif olunan qiymət EV/EBITDA göstəricisi üzrə 7,4 dəfəlik əmsala uyğundur. Bu göstərici müstəqil qiymətləndiricinin hesablamalarını üstələyir və sövdələşməyə yüksək marağın olduğunu göstərir.
Sövdələşmənin yekunlaşması üçün tənzimləyici qurumların təsdiqi və zəruri korporativ-hüquqi prosedurların tamamlanması tələb olunur.
Xatırladaq ki, daha əvvəl UzSungwoo şirkətindəki dövlət payı hərracda 585 milyard sum qarşılığında satılmış, alıcı isə Roodell olmuşdu.
