Pavel Durov, Lex Fridmanla apardığı ətraflı müsahibədə The Open Network (TON) blokçeyn platformasına diqqət çəkib. Durov, TON-un Telegram ekosistemindəki mərkəzi rolunu izah edərək bu sahəni "inanılmaz sürətlə böyüyən sfera" kimi dəyərləndirib.
Durov bildirib ki, TON-un ilkin inkişafına 2018-2019-cu illərdə başlanılıb. Bu qərarın arxasında Telegram-a dərin şəkildə inteqrasiya olunmuş bir blokçeyn sisteminə olan böyük ehtiyac dururdu. O, blokçeynin azadlığı təmin edən bir texnologiya olduğunu qeyd etsə də, Bitcoin və ya Ethereum kimi mövcud platformaların miqyaslanma qabiliyyətinin kifayət etmədiyini vurğulayıb:
"Mövcud platformalar Telegram-ın yüz milyonlarla istifadəçisinin yaratdığı tranzaksiya yüklərinin öhdəsindən gəlmək üçün lazımi səviyyədə miqyaslana bilən deyildi."
Layihə əvvəlcə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) təzyiqləri ilə üzləşərək dayansa da, fəal açıq mənbəli icma sayəsində yeni adı ilə inkişaf etməyə davam edib və hazırda uğurla fəaliyyət göstərir.
Durovun sözlərinə görə, bu gün Telegram daxilində həyata keçirilən bütün funksionallıq və aktivlər, o cümlədən istifadəçi adları (yuzerneymlər) və Telegram hesablarının özləri TON blokçeyninə əsaslanır və onun smart-kontraktları vasitəsilə tokenləşdirilib.
Bundan əlavə, TON, platforma iştirakçıları üçün maliyyə əməliyyatlarının aparılması baxımından əvəzedilməzdir:
- Kanal sahibləri ilə reklam gəlirlərinin 50/50 nisbətində bölüşdürülməsi proqramında qazanılan vəsaitlərin çıxarılması üçün TON yeganə çıxış yoludur.
- Telegram daxilində reklam almaq kimi tranzaksiyaların həyata keçirilməsi də yalnız TON vasitəsilə mümkündür.
- Beləliklə, TON sadəcə xarici bir kriptovalyuta deyil, Telegram-ın maliyyə və idarəetmə sisteminin mərkəzi özəyi hesab olunur.