2025-ci ilin avqust ayında Pekində, İçjuan iqtisadi-texnoloji inkişaf zonasındakı Dünya Robot Konfransı zamanı humanoid robotların satış və xidmət mərkəzi istifadəyə veriləcək. Çin mediasının məlumatına görə, mağaza noyabr ayından tam işləməyə başlayacaq.
Mağaza 4S sistemi ilə fəaliyyət göstərəcək, yəni satış, satış sonrası xidmət, ehtiyat hissələrinin təminatı və diaqnostika işlərini birləşdirəcək. Burada robotları real şəraitdə sınaqdan keçirmək üçün nümayiş zonaları olacaq.
Layihə çərçivəsində ölkə üzrə ehtiyat hissələrinin təchizatı üçün şəbəkə yaradılacaq, həmçinin robotların yığılması və təmiri ilə məşğul olan komanda formalaşdırılacaq.
İndiyədək UBTech, AgiBot, Galaxea kimi 10 şirkət mağaza ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Ümumilikdə 100-ə yaxın şirkətin — robot istehsalçıları və ehtiyat hissələri təchizatçılarının layihəyə qoşulmaq istədiyi bildirilir.
Mağaza banklarla da əməkdaşlıq edəcək ki, alıcılar robotları avtomobil qiymətinə yaxın məbləğdə kreditlə ala bilsinlər.
Bu addım Çində robot texnologiyalarının sürətlə inkişaf etdiyini və gündəlik həyatda geniş tətbiq olunduğunu göstərir. İnsan şəklində robotların kommersiya satışının təşkili həm ölkədə, həm də dünyada bu sahənin gələcəyinə işıq salır.