Qlobal innovasiya platforması Plug and Play Tech Center Bakıda Accelerator and Operations Manager vəzifəsi üzrə vakansiya elan edib. Yeni əməkdaş şirkətin innovasiya proqramlarının strateji istiqamətinin müəyyənləşdirilməsi, maliyyə artımının təmin edilməsi, korporativ tərəfdaşlıqların qurulması və startap ekosistemi ilə işə rəhbərlik edəcək.
Şirkət startapları dünyanın ən böyük korporasiyaları ilə bir araya gətirərək innovasiyanın inkişafına dəstək göstərir. Plug and Play Tech Center-in əsas məqsədi Silikon Vadisinin imkanlarını dünyanın müxtəlif regionlarına çatdırmaqdır.
Vəzifə öhdəlikləri
Yeni əməkdaşın əsas vəzifələrindən biri korporativ müştərilərin cəlb edilməsi və kommersiya strategiyasının idarə olunması olacaq. Buraya potensial tərəfdaşların müəyyənləşdirilməsi, şirkətlərlə danışıqların aparılması, müqavilələrin bağlanması və uzunmüddətli əməkdaşlıqların qurulması daxildir.
Bundan əlavə, vəzifə sahibi mövcud tərəfdaşlarla münasibətləri inkişaf etdirəcək, əsas müştəri portfelini idarə edəcək, əməkdaşlıqların davamlılığını təmin edəcək və yeni biznes imkanlarını müəyyənləşdirəcək.
İş öhdəliklərinə həmçinin ilkin mərhələdə olan startapların — Pre-seed, Seed və Series A mərhələlərində fəaliyyət göstərən komandaların araşdırılması, potensial investisiya imkanlarının qiymətləndirilməsi və investisiya təkliflərinin seçim komitəsinə təqdim edilməsi daxildir. Menecer proqramlarda iştirak edən startapların bazara çıxış, investisiya cəlbi, komandanın böyüdülməsi və əməliyyat problemlərinin həlli istiqamətlərində inkişafına da dəstək göstərəcək.
Namizəd innovasiya proqramlarının icrasına, müxtəlif komandaların koordinasiyasına, Demo Day tədbirlərinin və investor görüşlərinin təşkilinə də rəhbərlik edəcək.
Namizəddən tələblər
Vakansiya üzrə magistr dərəcəsi, xüsusilə MBA və ya maliyyə sahəsində magistr təhsili üstünlük hesab olunur. Namizədlərdən müvafiq sahədə ən azı 4 illik peşəkar təcrübə tələb edilir.
Şirkət korporativ innovasiya və texnologiya konsaltinqi sahəsində təcrübəsi, iri şirkətlərlə kommersiya müqavilələri bağlamaq bacarığı və mürəkkəb satış proseslərini idarə etmək təcrübəsi olan namizədlərə üstünlük verir. Eyni zamanda, komanda idarəçiliyi, strateji planlaşdırma və bir neçə tərəfin iştirak etdiyi layihələri koordinasiya etmək bacarığı vacibdir.
Namizədin rəhbər şəxslərlə peşəkar ünsiyyət qurmaq üçün yüksək səviyyədə ingilis dili biliyi və bazar dinamikasını dərindən anlamaq bacarığı olmalıdır.
Vakansiya üzrə bütün müraciətlər ingilis dilində təqdim edilməlidir.
