Az | EN

Rolls-Royce 810 akrlıq texnologiya parkında nüvə reaktorları və aviasiya komponentləri hazırlayacaq

Cəmil Hüseynzadə
12 Noyabr 2026 09:21
96 baxış
Rolls-Royce 810 akrlıq texnologiya parkında nüvə reaktorları və aviasiya komponentləri hazırlayacaq

Böyük Britaniya Kral Donanması üçün nüvə reaktorları hazırlayan Rolls-Royce Submarines təxminən 810 akrlıq texnologiya parkında nüvə reaktorları, aviasiya və müdafiə sənayesi üçün komponentlərin istehsalı məqsədilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Rolls-Royce-un törəmə şirkəti noyabrın 6-da baş ofisi Derbidə yerləşən Infinity şirkəti ilə tərəfdaşlığını elan edib. Qabaqcıl istehsal texnologiyaları sahəsində fəaliyyət göstərən Infinity nüvə və aviasiya komponentləri üzrə tədqiqatları və istehsalı sürətləndirmək üçün təxminən 810 akrlıq texnologiya parkı inşa edir.

Təxminən 151 Amerika futbolu meydançasının sahəsinə bərabər olacaq kompleksdə qabaqcıl istehsal, sınaq, rəqəmsal mühəndislik və prototiplərin hazırlanması mərkəzlərinin yerləşdirilməsi nəzərdə tutulur. Əməkdaşlığın əsas məqsədləri istehsalı sürətləndirmək, material xərclərini azaltmaq və kritik komponentlərə çıxışı asanlaşdırmaqdır.

Bu açıqlama Rolls-Royce-un nüvə enerjisi ilə işləyən sualtı qayıqlar üzrə fəaliyyətini genişləndirdiyi dövrə təsadüf edir. Şirkət AUKUS müdafiə sazişi çərçivəsində Avstraliyanın gələcək sualtı qayıqları üçün də nüvə reaktorları təmin etməyi planlaşdırır.

Yeni innovasiya mərkəzi

Infinity-nin məlumatına görə, texnologiya parkı istehsalçıları, təchizatçıları, universitetləri və təlim müəssisələrini vahid məkanda birləşdirəcək. Kompleksdə 3D çap, enerji şüası ilə qaynaq və isti izostatik presləmə (HIP) kimi texnologiyalardan istifadə olunacaq.

HIP texnologiyası materiallara yüksək temperatur və təzyiq tətbiq etməklə onların möhkəmliyini artırır və daxili struktur qüsurlarını aradan qaldırır. Enerji şüası ilə qaynaq isə metal komponentlərin birləşdirilməsi üçün yüksək intensivlikli enerji şüalarından istifadə edir.

Bu üsullar nüvə reaktorlarında, aviasiya avadanlıqlarında və müdafiə sistemlərində istifadə olunan iri və mürəkkəb hissələrin istehsalını təkmilləşdirə bilər. Beləliklə, istehsalçılar kritik komponentlərin hazırlanması prosesləri üzərində daha çox nəzarət əldə edəcəklər.

Texnologiya parkında artıq nüvə sənayesi üçün mütəxəssislər hazırlayan Rolls-Royce Nuclear Skills Academy də fəaliyyət göstərir. Bu akademiya öz sahəsində ilk belə müəssisə kimi təqdim olunur.

Rolls-Royce Submarines-in mühəndislik və texnologiya direktoru Li Uorren (Lee Warren) yeni istehsal üsullarının araşdırılmasının vacibliyini vurğulayıb:

“Dəniz qüvvələri üçün nüvə mühərrikləri sahəsində artan tələbatı qarşılamaq məqsədilə fəaliyyətimizi genişləndirərkən istehsal tempimizi artırmalı və AUKUS sazişi çərçivəsində Avstraliyaya reaktorların çatdırılması da daxil olmaqla, yeni texnologiyaları daim araşdırmalıyıq”.

Nüvə texnologiyasında yeni mərhələ

Rolls-Royce Submarines onilliklərdir Böyük Britaniya Kral Donanmasının sualtı qayıq donanmasını enerji ilə təmin edən nüvə reaktorlarını hazırlayır, istehsal edir və onlara texniki xidmət göstərir.

Şirkətin ilk PWR1 reaktoru 1960-cı illərdə Valiant sinifli sualtı qayıqlarda istifadəyə verilib. Daha yeni PWR2 reaktorları Vanguard və Astute sinifli sualtı qayıqların hərəkət sistemini təmin edir. PWR3 reaktorunun isə gələcək Dreadnought sinifli sualtı qayıqlarda istifadə edilməsi planlaşdırılır.

Bu reaktorun təkmilləşdirilmiş versiyasının Böyük Britaniya və Avstraliyanın gələcək AUKUS sinifli sualtı qayıqlarında da tətbiqi nəzərdə tutulur.

Uorren bildirib ki, şirkət 65 ildən artıqdır Böyük Britaniyanın nüvə sualtı qayıq donanması üçün reaktorlar layihələndirir, hazırlayır, istehsal edir və onlara texniki xidmət göstərir. Onun sözlərinə görə, bu müddət ərzində çatdırılma proseslərinin davamlılığını qorumaqla yanaşı, gələcək texnologiyaların araşdırılması arasında tarazlıq yaradılıb. Şirkətdə hazırda 5 500-dən çox insan çalışır.

Uorrenin sözlərinə görə, yeni razılaşma Rolls-Royce-a Raynesway müəssisəsindəki istehsalı davam etdirməklə yanaşı, texnologiya parkında yeni istehsal üsullarını sınaqdan keçirmək imkanı verəcək.

Texnologiya parkının digər sənaye sahələrinə də xidmət göstərməsi nəzərdə tutulur. Belə ki, UK Fusion Energy şirkəti Böyük Britaniyanın Nottingemşirdə yerləşəcək STEP sintez enerjisi stansiyasının inkişafını sürətləndirmək məqsədilə bu yaxınlarda Infinity ilə tərəfdaşlıq qurub.

Infinity-nin baş direktoru doktor Qari Cons (Gary Jones) əməkdaşlığın müdafiə sənayesində yerli istehsal imkanlarını gücləndirəcəyini bildirib:

“Tərəfdaşlığımızı elan etməkdən böyük qürur duyuram və Rolls-Royce Submarines ilə birlikdə çalışmağı səbirsizliklə gözləyirəm”.

Texnologiya parkının tam fəaliyyətə başlaması nəticəsində Böyük Britaniyanın East Midlands regionunda təxminən 17 500 ixtisaslı iş yerinin yaradılması gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az