Təxminən on ilə yaxındır ki, Pokémon Go istifadəçilərə real dünyada virtual obyektlər tapmaq imkanı verir. İndi isə məlum olub ki, bu oyun zamanı toplanan məlumatlar kuryer robotlarının daha dəqiq hərəkət etməsinə kömək edir.
Bu həftə Niantic Spatial qısa məsafələrə məhsul çatdıran robotlar istehsal edən Coco Robotics ilə tərəfdaşlıq elan edib.
Coco adlı çəhrayı kuryer robotları Niantic-in vizual mövqe müəyyən etmə sistemi — VPS vasitəsilə hərəkət edəcək. Bu sistem ətrafdakı binaları və orientirləri analiz edərək robotun yerini bir neçə santimetr dəqiqliklə müəyyənləşdirir. VPS sistemi Pokémon Go oyunçularının çəkdiyi 30 milyarddan çox şəkil əsasında öyrədilib.

Şirkətin rəhbəri John Hanke bildirib ki, Pikaçunun real dünyada hərəkət etməsini təmin etmək və robotun küçədə təhlükəsiz hərəkət etməsini öyrətmək əslində eyni texnoloji problemin həllidir.
GPS-dən fərqli olaraq, VPS peyklərə deyil, ətraf mühitə əsaslanır. Xüsusilə hündür binaların çox olduğu şəhərlərdə GPS qeyri-sabit işləyə bildiyi üçün robotlar bəzən istiqaməti itirir. Coco robotları isə VPS və dörd kamera vasitəsilə ətraf mühiti daha dəqiq analiz edərək marşrutlarını müəyyənləşdirəcək.
