Çinin məişət texnikası istehsalçısı olan Dreame Technology ilk smartfonlarını təqdim edib. Şirkət daha çox robot tozsoranları ilə tanınsa da, bu dəfə premium seqment üçün mobil telefonlar hazırlayıb.
Məlumata görə, yeni modellərin qiyməti 999 dollardan başlayır və eksklüziv versiyalarda 14 550 dollara qədər yüksəlir. Bu barədə texnologiya portalı GizChina yazır.
Şirkətin flaqman smartfonu çıxarıla bilən maqnit obyektivlə təchiz olunub. Obyektiv 1 düymlük sensorla işləyir və istənilən vaxt telefondan ayrılaraq ayrıca kamera kimi istifadə edilə bilər. Modul telefonla bir neçə metr məsafədən Wi-Fi vasitəsilə əlaqə saxlayır.
İkinci model isə lüks seqment üçün nəzərdə tutulub və “zərgərlik məmulatı” kimi təqdim edilir. Qızıl əlavələrlə hazırlanmış bu cihazların hər biri yüzdən çox dizaynerdən ibarət komanda tərəfindən əl işi kimi hazırlanır.
Hər iki smartfon şirkətin özünün hazırladığı Dreame Chixiao 01 prosessoru ilə işləyir. Bildirilir ki, bu çip süni intellekt funksiyaları ilə işləmək üçün xüsusi olaraq hazırlanıb.
Standart flaqman modelinin qiyməti 999 dollardan başlayır. Sifarişlə hazırlanan eksklüziv versiyaların qiyməti isə 70 min – 100 min yuan (təxminən 10 min – 14 550 dollar) arasında dəyişir.
