Mark Zukerberq Threads sosial platformasında açıqlayıb ki, süni intellekt sahəsində tanınmış tədqiqatçı və keçmiş OpenAI əməkdaşı Şençia Çjao “Meta Superintelligence Labs”ın (MSL) baş elmi işçisi seçilib. Çjao OpenAI-də ChatGPT, GPT-4 və ilk süni intellekt məntiq modeli olan o1 layihələrinin əsas üzvlərindən biridir.
Zukerberq deyib:
“Şençia Çjao ilk gündən aparıcı elmi rəhbərimiz olub. Komandamız formalaşdıqca onun rəhbərliyini rəsmi olaraq təsdiq etdik.”
Yeni yaradılan Meta Superintelligence Labs süni intellekt sahəsində böyük irəliləyişlər etməyi planlaşdırır və Meta-nın gələcək strategiyasının əsas hissəsidir. Laboratoriyaya rəhbərlik daha əvvəl Scale AI şirkətinin baş direktoru olan, amma tədqiqat sahəsində təcrübəsi olmayan Aleksandr Vanqa həvalə edilib. Çjao isə onun texniki və strateji dəstəyini verir.
MSL komandası artıq OpenAI, Google DeepMind, Safe Superintelligence, Apple və Anthropic kimi qabaqcıl şirkətlərdən yüksək səviyyəli tədqiqatçıları cəlb edib. Bundan başqa, Meta-nın Fundamental Süni İntellekt Tədqiqatları (FAIR) və generativ AI komandalarından da alimlər bu laboratoriyaya qoşulub.
Zukerberq bildirib ki, Çjao OpenAI-də “yeni miqyaslama paradiqması” üzərində işləyib ki, bu da çox güman o1 məntiq modelinə aiddir. Hal-hazırda Meta-nın bu sahədə rəqabət apara biləcək məhsulu yoxdur, ona görə də AI məntiq modellərinin inkişafı MSL-in əsas prioritetlərindən biridir.
Meta süni intellekt sahəsində üstünlük qazanmaq üçün insan resursları ilə yanaşı, texnoloji infrastrukturunu da gücləndirir. Şirkət 2026-cı ilə qədər ABŞ-ın Ohayo ştatında yerləşən “Prometheus” adlı 1 gigavat gücündə bulud hesablama mərkəzini istifadəyə verməyi planlaşdırır. Bu mərkəz MSL-ə böyük həcmli süni intellekt modellərinin təlimini keçirməkdə kömək edəcək. Qeyd edək ki, 1 gigavat enerji 750,000-dən çox evi işıqlandırmağa kifayətdir.
Şençia Çjao-nun təyin olunması ilə Meta-nın artıq iki baş elmi işçisi var: Çjao (MSL) və Lekan (FAIR laboratoriyası). Lekan uzunmüddətli süni intellekt tədqiqatlarına rəhbərlik edir və daha çox 5-10 illik perspektiv üçün işləyir. MSL isə yaxın zamanda nəticə verəcək qabaqcıl modellər üzərində çalışır. Bu iki laboratoriyanın əməkdaşlıq forması hələlik dəqiq deyil.