İqor Babuşkin İlon Mask ilə birlikdə 2023-cü ildə təsis etdiyi xAI şirkətindən ayrıldığını açıqlayıb. O, sosial şəbəkə “X”də (keçmiş Twitter) yazaraq, Babuschkin Ventures yeni investisiya fondu quracağını bildirib. Bu fond süni intellektin təhlükəsizliyini artırmaq və elm, texnologiya sahəsində insanlığa fayda verəcək startapları dəstəkləmək məqsədi daşıyacaq.
Babuşkinin sözlərinə görə, bu ideya Future of Life Institute-un yaradıcısı Maks Teqmark ilə görüşdən sonra yaranıb. Görüşdə onlar süni intellektin gələcək nəsillərə ziyan vurmadan necə inkişaf etdirilə biləcəyini müzakirə ediblər.
Onun istefası xAI şirkətində son aylarda baş verən qalmaqallar fonunda baş verir. Şirkətin hazırladığı Grok süni intellekt çatbotu bir neçə dəfə ictimaiyyətin sərt tənqidinə səbəb olub. Məsələn, bəzi hallarda Grok İlon Maskın şəxsi fikirlərini cavablara daxil edib, antisemitik ifadələr işlədib və hətta özünü “Meçahitler” adlandırıb. Son qalmaqalda isə Grok-un yeni funksiyası istifadəçilərə məşhur şəxslərin, o cümlədən müğənni Teylor Sviftin saxta çılpaq videolarını yaratmağa imkan verib.
Bununla yanaşı, xAI-nin texnologiyası hələ də yüksək qiymətləndirilir. Şirkətin süni intellekt modelləri bir sıra göstəricilər üzrə OpenAI, Google DeepMind və Anthropic kimi sənaye nəhəngləri ilə rəqabət aparır.
İqor Babuşkin əvvəllər Google DeepMind-da çalışaraq “StarCraft” oyununda ən güclü oyunçuları məğlub edə bilən AlphaStar adlı süni intellekt sisteminin yaradılmasında iştirak edib. O, həmçinin OpenAI-da tədqiqatçı kimi fəaliyyət göstərib.
xAI-də işlədiyi müddətdə Babuşkin və İlon Mask cəmi üç ay ərzində Memfis şəhərində nəhəng süni intellekt superkompüteri inşa ediblər. Lakin ekoloqlar bu layihədə istifadə olunan müvəqqəti qaz turbinalarının ətraf mühitə zərərli tullantılar yaydığını bildiriblər.
İqor Babuşkin xAI-dakı illərinə müsbət qiymət verərək, İlon Maskdan öyrəndiyi iki əsas dərsi vurğulayıb:
- Problemlərin həllinə şəxsən qoşulmaqdan çəkinməmək.
- İşdə yüksək sürət və təcili hərəkət prinsiplərinə sadiq qalmaq.
O, keçmiş əməkdaşlığını “övladını universitetə yola salan valideynin qüruru” ilə müqayisə edib.