Az | EN

Prezident “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”nə dəyişikliklər edib

Cəmil Hüseynzadə
12 Avqust 2025 14:39
314 baxış
Prezident “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”nə dəyişikliklər edib

Azərbaycan Prezidenti İlham Əliyev “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, Agentliyin səlahiyyətləri genişləndirilib, “elektron hökumət”in inkişafı və rəqəmsal hökumətə keçidin sürətləndirilməsi onun əsas fəaliyyət istiqamətlərinə daxil edilib.

Yeni redaksiyaya görə, Agentlik nazirliklə birgə dövlət orqanlarının informasiya ehtiyatları və sistemləri barədə qiymətləndirmələr aparacaq, elektron xidmətlərin təşkili, təkmilləşdirilməsi və təhlükəsizliyinin təminində iştirak edəcək.

Sənəddə həmçinin “kağızsız hökumət”ə keçid, dövlət informasiya ehtiyatlarının vahid reyestrinin aparılması, rəqəmsal inkişaf arxitekturasının qurulması və vətəndaşlardan daxil olan irad və təkliflərin təhlili kimi yeni funksiyalar da yer alıb.

Nizamnaməyə 3.1.16-1-dən 3.1.16-19-a və 3.2.3-1-dən 3.2.3-5-ə qədər yeni yarımbəndlər əlavə olunub ki, bunlar elektron xidmətlərə texniki rəy verilməsi, normativ-hüquqi tələblərə uyğunluğun qiymətləndirilməsi, maarifləndirmə tədbirlərinin təşkili və dövlət xidmətlərinin keyfiyyət standartlarına dair təkliflərin hazırlanması kimi məsələləri əhatə edir.

Bu dəyişikliklər Agentliyin elektron hökumət və rəqəmsal inkişaf sahəsində daha koordinasiyalı və effektiv fəaliyyət göstərməsinə imkan yaradacaq.

© copyright 2022 | tech.az | info@tech.az