Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi (FHN) xilasetmə əməliyyatlarında istifadə etmək üçün Tesla Cybertruck elektromobilini istismara verib. Qurumun məlumatına görə, nəqliyyat vasitəsi artıq Almatı şəhərində baş verən müxtəlif fövqəladə hadisələr zamanı sınaqdan keçirilib və effektivliyi təsdiqlənib.
FHN-in nazir müavini Yerbolat Sadırbayev bildirib ki, Cybertruck xüsusilə operativ reaksiya tələb edən hallarda özünü doğruldub. Onun sözlərinə görə, insanların həyatının xilas edilməsində hər dəqiqə mühüm rol oynadığından, yüksək sürət və çeviklik nümayiş etdirən texnikadan istifadə vacibdir.
Nazirlik elektromobilin seçimini onun yüksək hərəkət qabiliyyəti, çətin relyef şəraitində işləməsi, səssiz fəaliyyəti və xilasedici avadanlıqları enerji ilə təmin etməsi ilə izah edib. Yerli KİV-lərin məlumatına əsasən, bir Cybertruck-un dəyəri təxminən 120 milyon tengə təşkil edir.
Bundan başqa, avtomobil mobil komanda və kəşfiyyat məntəqəsi kimi də istifadə olunur. O, peyk interneti, termal kameralarla təchiz edilmiş peşəkar dronlar, xüsusi rabitə sistemləri, qorunan hesablama avadanlıqları və müstəqil enerji mənbələri ilə təmin edilib. Bu imkanlar xilasedicilərə fövqəladə hadisə zonasının yaxınlığında mobil qərargah qurmağa şərait yaradır.
Qazaxıstan FHN vurğulayıb ki, Cybertruck ənənəvi yanğınsöndürmə, təcili tibbi yardım və digər xilasedici texnikaları əvəz etmir. Avtomobil əlavə operativ dəstək vasitəsi kimi nəzərdə tutulur.
Nazir müavini gələcəkdə yeni Cybertruck avtomobillərinin alınmasının mümkünlüyünü də istisna etməyib. O qeyd edib ki, qurum texnika parkının yenilənməsi siyasətini davam etdirir və əsas diqqət avadanlıqların səmərəliliyinə yönəldilir.
