"2025-ci ildən "Kapital Bank" daha çox "Birbank" brendi altında fəaliyyətini davam etdirəcəkdir".
Marja xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
Sədr qeyd edib ki, "Kapital Bank" brendi yox olmayacaq, maliyyə institutu və korporativ brend kimi qalacaq:
"Bizi gələn ildən "Birbank" brendi altında izləyəcəksiniz. Müştərilərimiz daha çox "Birbank"lı olacaq. Biz daha rəqəmsal və müştəri yönümlü olmaq istəyirik. Bütün kommunikasiyamız, məhsullarımız daha çox "Birbank" brendi altında olacaqdır. Eyni zamanda, bu o demək deyil ki, "Kapital Bank" brendi yox olacaq, o qalacaq, bir maliyyə institutu olaraq rəsmi sənədlərdə "Kapital Bank" adından istifadə olunacaq. Lakin müştəri yönümlü strategiyamız "Birbank" brendi altında olacaqdır".
Fərid Hüseynov əlavə edib ki, artıq "Birbank" tətbiqini 3 milyondan çox müştəri istifadə edir.
Bankın sədri, "müşahidə edirik ki, bizi daha çox "Birbank" brendi ilə tanıyırlar. Biz 2-3 il ərzində filiallarımızı da "Birbank" adına keçirəcəyik", deyib.