Logitech şirkətinin siçan və klaviaturaları dünya üzrə bir çox istifadəçi üçün problemlə üzləşib. 6 yanvar saat 23:39-da (Bakı vaxtı ilə) şirkətin Apple Developer Certificate sertifikatının müddəti başa çatıb.
Nəticədə macOS istifadəçilərində Logitech-in siçan və klaviaturaların tənzimlənməsinə cavabdeh olan Options+ tətbiqi eyni anda işə düşməyib. Problem xüsusilə MX Master seriyası da daxil olmaqla bir çox cihazı əhatə edib.
Tətbiq bənövşəyi animasiyalı yükləmə ekranında donub qalır və istifadəçi əmrlərinə cavab verməyib. Bununla yanaşı, bütün fərdi (kastom) ayarlar itirdi. Bəzi Mac sahibləri isə Options+ fon prosesinin ilişib qalması səbəbindən noutbukların qızması və batareyanın daha tez boşalması ilə də qarşılaşıblar.
Problem yalnız macOS əməliyyat sisteminə təsir edib. Bu sistemdə inkişaf etdirici sertifikatının müddəti bitdikdə tətbiqlər avtomatik olaraq işə düşmür — bu, Apple-ın təhlükəsizlik tələblərindən biridir. Apple hadisədə günahkar deyil, çünki sertifikatın vaxtında yenilənməsi birbaşa developerin — yəni Logitech-in məsuliyyətidir.
Hadisə Logitech-in bazardakı mövqeyini nəzərə alaraq təəccüb doğurub: şirkət kompüter siçanları bazarının təxminən 21%-nə nəzarət edir və Mac istifadəçiləri arasında milyonlarla aktiv istifadəçisi var.
Köhnə modellər işləməyə davam etsə də, MX Master 3S və MX Master 4 kimi yeni qurğular faktiki olaraq funksionallığının bir hissəsini itirib, çünki Options+ olmadan onların geniş imkanları əlçatan deyil. Mac-də Logitech-in oyun üçün nəzərdə tutulmuş G HUB proqramı da işə düşməyib.
Bir neçə saat sonra Logitech problemi aradan qaldırmaq üçün əl ilə yüklənib quraşdırılmalı olan yeniləmə (patch) yayımlayıb. Yeniləmə quraşdırıldıqdan sonra cihazların tam funksionallığı bərpa olunur.

