İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və "SUP VC" şirkətinin təşkilatçılığı ilə Azərbaycanın regionlarında da keçirilən “İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub. Layihə çərçivəsində finala yüksələn 17 startap arasından “Backlify“, “SaleX“, “Specdeaf“, “İmYen“ startapları ümumi dəyəri 50 min manat olan mükafat fonduna layiq görülüblər.
“Grand Final” tədbirində dövlət qurumları və özəl təşkilatların nümayəndələri, innovasiya ekspertləri, eləcə də startap təsisçiləri iştirak ediblər. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış nitqində Azərbaycanda son bir neçə ildə rəqəmsal infrastruktur quruculuğu sahəsində həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin innovasiyalar üçün güclü zəmin yaratdığını bildirib. O, həmçinin “İnnostart”la yanaşı “ecomX”, “4ü1arada” kimi təşəbbüslərin də regionlarda innovativ inkişafa təkan verdiyini vurğulayıb.
İRİA-nın sədri Fərid Osmanov öz çıxışında startapların ölkə iqtisadiyyatı üçün əhəmiyyətinə diqqət çəkib və “İnnostart” çərçivəsində əldə edilən uğurlar haqqında danışıb. O bildirib ki, 2024-25-ci illərdə layihənin əhatə dairəsinin genişləndirilməsi ilə 4 region, 20 şəhər və rayonda innovasiya yönümlü fəaliyyət həyata keçirilib. Layihə çərçivəsində bu il 32 maarifləndirmə tədbiri, 8 hakaton, 8 inkubasiya proqramı, 4 regional “Demo Day” tədbiri baş tutub. Ümumilikdə bütün tədbirlərdə 2000-dən çox şəxs iştirak edib.
Layihə çərçivəsində təlimçi və mentor hazırlığı proqramı da həyata keçirilib. Belə ki, bu proqramda 18 yeni mentor yetişdirilib. Bundan əlavə, mərkəzi icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, dövlət və özəl təşkilatlar, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri, peşə təhsili mərkəzləri ilə əməkdaşlıqlar qurulmuş və regional nümayəndəliklər formalaşdırılıb.
Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov və “SUP VC” şirkətinin icraçı direktoru Rəşad Eyvazov çıxış ediblər.
Tədbirin davamında layihə haqqında ümumi və statistik məlumatları əks etdirən videoçarx və təqdimat nümayiş etdirilib, eləcə də startapların təqdimatları, mentor hazırılığı proqramının məzunları sertifikatla təltif edilib. Yekunda “İnnostart” layihəsinin qalibləri elan edilib.
Qeyd edək ki, “İnnostart” Azərbaycanın regionlarında startap ekosistemini gücləndirmək məqsədilə həyata keçirilən layihədir. Layihənin məqsədi, bölgələrdəki tələbələrə, gənclərə və bu sahəyə maraq göstərən hər kəsə innovativ ideyalarını inkişaf etdirmək, startap ekosistemi haqqında məlumat vermək, onları uğurlu startaplara çevirməyə dəstək olmaq və yerli icmaların formalaşmasını təşviq etməkdir.