Az | EN

Replit $400 milyon investisiya aldı

Cəmil Hüseynzadə
12 Mart 2026 10:26
46 baxış
Replit $400 milyon investisiya aldı

Vibe-kodinq üçün onlayn proqramlaşdırma platforması Replit $400 milyon investisiya cəlb edib. Yeni investisiya raundu nəticəsində şirkətin dəyəri $9 milyard olaraq qiymətləndirilib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin sentyabrında investorlar şirkəti təxminən üç dəfə aşağı — $3 milyard dəyərində qiymətləndirmişdi.

Şirkətin baş icraçı direktoru Amjad Masad bildirib ki, investisiya raundunda Accenture, Databricks, Okta, Georgian və G Squared kimi investorlar iştirak edib. Onun sözlərinə görə, yeni vəsait şirkətin fəaliyyətini genişləndirməyə və insan yaradıcılığına əsaslanan süni intellekt sistemlərinin inkişafına yönəldiləcək.

İnvestisiya elan edilərkən Replit eyni zamanda Agent 4 adlı yeni süni intellekt agentini də təqdim edib. Şirkətin məlumatına görə, bu alət istifadəçilərin vaxtını texniki koordinasiyaya deyil, daha çox yaradıcılığa sərf etməsinə imkan vermək məqsədilə hazırlanıb və həm mürəkkəb, həm də rutin proqramlaşdırma tapşırıqlarını yerinə yetirə bilir.

Replit süni intellekt köməkçiləri ilə işləyən onlayn proqramlaşdırma mühitidir. Platformanın məhdud imkanlı pulsuz versiyası mövcuddur, ödənişli abunə planlarının qiyməti isə ayda $20-dan başlayır. Şirkətin məlumatına görə, xidmətin 50 milyondan çox istifadəçisi var və Fortune 500 siyahısına daxil olan şirkətlərin təxminən 85%-i platformadan istifadə edir.

© copyright 2022 | tech.az | info@tech.az