Az | EN

Rəşad Nəbiyev Silikon Vadisində azərbaycanlı startap icması ilə görüşüb

Nigar Sultanli
15 Dekabr 2025 10:37
48 baxış
Rəşad Nəbiyev Silikon Vadisində azərbaycanlı startap icması ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-nin San-Fransisko şəhərində, “Silikon Vadisi”ndə yaşayan startap icmasının üzvləri və aparıcı texnoloji şirkətlərdə çalışan azərbaycanlı mütəxəssislərlə görüş keçirib.

Tədbirdə çıxış edən nazir Rəşad Nəbiyev Azərbaycanın rəqəmsal transformasiya gündəliyindən, innovasiya və texnologiya sahəsində həyata keçirilən islahatlardan danışıb. O, xaricdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin bilik və təcrübəsinin ölkəmiz üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Görüş zamanı startap ekosisteminin inkişafı, süni intellekt, rəqəmsal xidmətlər və texnoloji sahibkarlıq sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Nazir bildirib ki, Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlı startapçılar və texnologiya mütəxəssisləri üçün müxtəlif dəstək mexanizmləri formalaşdırmağa hazırdır.

Tədbir iştirakçıları da öz növbəsində Azərbaycanda rəqəmsal sahənin inkişafına verə biləcəkləri töhfələr, bilik mübadiləsi və birgə layihələr barədə fikirlərini bölüşüblər.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi ilə davam edib.

© copyright 2022 | tech.az | info@tech.az