Revolut Türkiyə bazarına daxil olmaq üçün konkret addımlar atır. Bloombergin məlumatına görə, şirkət Türkiyədə fəaliyyət göstərən rəqəmsal bank FUPS-un satın alınması ilə bağlı danışıqlar aparır.
Məlumata yaxın mənbələr bildirir ki, proses hələlik yekun razılaşma mərhələsinə çatmayıb və tərəflər arasında rəsmi müqavilə imzalanmayıb. Yerli tənzimləmələrə əsasən, belə bir satınalma baş tutacağı təqdirdə əməliyyat Bankacılıq Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) təsdiqinə tabe olacaq.
Revolut tərəfi yayılan məlumatlarla bağlı qısa açıqlama verərək bazar şayiələrinə münasibət bildirmədiyini qeyd edib. FUPS isə məsələ ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb.
Milyarder Nik Storonskynin rəhbərlik etdiyi Revolut hazırda qlobal miqyasda təxminən 70 milyon istifadəçiyə xidmət göstərir. Şirkət son illər Skandinaviya ölkələrindən Meksikayadək müxtəlif bazarlarda fəaliyyətini genişləndirib. Revolut 2025-ci ilin noyabrında 75 milyard dollar dəyərində qiymətləndirmə ilə Avropanın ən dəyərli fintech startaplarından biri hesab olunur.
FUPS Bank isə Türkiyənin rəqəmsal bankçılıq sektorunda önə çıxan qurumlardandır. BDDK 2024-cü ilin son rübündə banka rəqəmsal bankçılıq fəaliyyəti üçün lisenziya verib. Bu, FUPS-a depozit qəbul etmək, ödəniş xidmətləri göstərmək və digər əsas bank əməliyyatlarını həyata keçirmək imkanı yaradıb.
Qeyd edək ki, FUPS rəqəmsal bank lisenziyasından əvvəl elektron pul və rəqəmsal cüzdan infrastrukturu ilə fəaliyyət göstərirdi. Hazırda isə depozit, ödəniş və kart xidmətləri ilə yanaşı, pul köçürmələri, kommunal ödənişlər, xərclərin idarə olunması və maliyyə planlaşdırılması kimi funksiyaları da istifadəçilərinə təqdim edir.
Mümkün satınalma Revolut-un Türkiyə bazarına sürətli və tənzimlənmiş şəkildə daxil olmasına şərait yarada bilər və ölkənin fintech sektorunda rəqabəti daha da gücləndirə bilər.
