Az | EN

Robot tozsoranlar insanları izləyirmiş

Cəmil Hüseynzadə
04 Noyabr 2025 16:12
31 baxış
Robot tozsoranlar insanları izləyirmiş

Ağıllı məişət texnikasının təhlükəsizliyi ilə bağlı narahatedici hadisə baş verib. Proqramçı Harishankar adlı mühəndis bir il ərzində problemsiz işləyən robot-tozsoranının əslində onu izlədiyini müəyyən edib.

Mühəndis maraq xatirinə cihazın şəbəkə trafikinə baxmağa başlayıb və məlum olub ki, tozsoran davamlı şəkildə məlumatları və fəaliyyət qeydlərini istehsalçının serverlərinə göndərir. İstifadəçi bu barədə heç bir icazə verməmişdi. Harishankar məlumat ötürülməsini blokladıqdan sonra cihaz bir neçə gün işləyib, daha sonra isə tamamilə dayanıb.

Servis mərkəzində problemi aradan qaldırdıqdan sonra tozsoran yenidən işləməyə başlayıb, lakin cəmi bir neçə gün sonra yenidən sıradan çıxıb. Mühəndis cihazı sökərək araşdırıb və onun AllWinner A33 prosessoru və Tina Linux əməliyyat sistemi ilə işlədiyini aşkar edib.

Ən təhlükəli məqam isə Android Debug Bridge (ADB) sisteminin tamamilə qorunmasız olması idi — heç bir parol qoyulmamışdı. Bu isə istənilən şəxsin cihazda tam inzibatçı (root) səlahiyyətləri əldə etməsinə imkan verirdi.

Tozsoran həmçinin evin üçölçülü xəritəsini Google Cartographer sistemi vasitəsilə qururdu — bu texnologiya adətən peşəkar robotlaşdırılmış xəritələmə sistemlərində istifadə olunur.

Mühəndis müəyyən edib ki, istehsalçı cihaz üzərində tam uzaqdan nəzarət imkanına malik olub və istədiyi əmrləri məsafədən icra edə bilib. Qoruma sistemi olmadığından, bu imkandan istənilən kiberhücumçu da istifadə edə bilərdi.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi müasir robot-tozsoran modelləri lidarlarla yanaşı kameralarla da təchiz olunub. Belə cihazlar ev şəraitində məxfilik üçün ciddi təhlükə yarada bilər.

© copyright 2022 | tech.az | info@tech.az