Az | EN

Robotlar insanları əvəz edəcək? — Çindən insanabənzər robot yeniliyi

Nigar Sultanli
29 İyul 2025 13:13
152 baxış
Robotlar insanları əvəz edəcək? — Çindən insanabənzər robot yeniliyi

Çinin məşhur məişət texnikası istehsalçısı Haier şirkəti ilk insanabənzər robot olan HIVA Haiwa-nı təqdim edib. Şirkət bu robotu “ev işləri terminatoru” kimi xarakterizə edir. Süni intellektlə təchiz olunmuş bu robot, müxtəlif məişət vəzifələrini müstəqil şəkildə yerinə yetirə bilir.

165 sm boyunda və 70 kq çəkidə olan HIVA Haiwa 44 mexaniki hərəkəti özbaşına icra edə bilir ki, bu da ona insanlara xas elastik və çevik hərəkət etməyə imkan verir. Robot 2 metrə qədər hündürlükdəki əşyalara rahatlıqla çatır, otaqda sərbəst hərəkət edir və bir neçə ev işini eyni vaxtda görə bilir.

Robot təkərli platforma üzərində hərəkət edir və aşağıdakı işləri icra edə bilir: döşəməni yumaq, toz almaq, yemək hazırlamaq, paltaryuyan maşını idarə etmək, geyimləri ütüləmək və yığışdırmaq. Hazırda HIVA Haiwa uzaqdan idarə olunur, lakin yaxın gələcəkdə ona müstəqil hərəkət və tapşırıqları avtomatik yerinə yetirmək funksiyaları əlavə ediləcək.

Bu insansı robot ilk dəfə 2025-ci ilin yazında Çində keçirilən AWE (Appliance & Electronics World Expo) beynəlxalq sərgisində nümayiş etdirilib. Haier əvvəllər robototexnika sahəsində bir neçə məhsul istehsal etmişdi, lakin HIVA Haiwa şirkətin insansı robot bazarına ciddi girişi sayılır.

Rəsmi məlumata görə, Haier dünyada SCARA tipli robotların istehsalında dördüncü, Çində isə ikinci yerdədir. Şirkət yaxın zamanda Şençjen şəhərində yerləşən Step Electric şirkətini satın almaq niyyətindədir ki, bu da onun robototexnika bazarındakı mövqeyini daha da gücləndirə bilər.

Haier robot bazarına daxil olan yeganə iri şirkət deyil. Midea, Changhong, Gree və digər böyük məişət texnikası brendləri də öz insansı robotlarını inkişaf etdirirlər ki, bu da Çində böyük “robot yarışı”nın başladığını göstərir.

Qeyd edək ki, əvvəlcə iş adamı İlon Mask da Tesla şirkətinin Optimus V3 adlı robotunu hazırlayacağını açıqlamışdı. Onun sözlərinə görə, bu model 2025-ci ilin sonunadək hazır olacaq.

Bu inkişaflar süni intellekt və robototexnika sahəsində sürətli irəliləyişlərin və gündəlik həyatımızda texnologiyanın rolunun artmasının göstəricisidir.

© copyright 2022 | tech.az | info@tech.az