Az | EN

Samsung-un keçmiş rəhbəri məlumat oğurlamaqda ittiham olunaraq həbs edilib

Fidan Abbaszadə
13 İyun 2023 11:27
298 baxış
Samsung-un keçmiş rəhbəri məlumat oğurlamaqda ittiham olunaraq həbs edilib

Oğurluqdan dəymiş ziyan 233 milyon dollar olaraq qiymətləndirilib.

Həbs edilən 65 yaşlı şəxsin adı açıqlanmasa da, onun 18 il şirkətdə çalışdığı və on il Koreyanın çip istehsal edən SK Hynix firmasında yüksək vəzifə tutduğu məlum olub.

Saxlanılan şəxs “Samsung” şirkətinin məxfi məlumatlarını qanunsuz əldə etməkdə şübhəli bilinir. O, bu məlumatlarla 2018-2019-cu illərdə Çinin Sian şəhərindəki Samsung zavodundan 1,5 km aralıda mikroelektron istehsal müəssisəsi tikmək istəyib.

Layihəyə 6,2 milyard dollar sərmayə qoyacaq Tayvan firması fikrini dəyişdiyi üçün proses dayandırılıb. Daha sonra keçmiş top-menecer çinli investorlardan 357 milyon dollar alıb və bu pulla Çinin Çenqdu şəhərində Samsung-dan oğurlanmış məlumatlarla tikildiyi iddia edilən fabrikdə “sınaq məhsulları” üzərində işə başlayıb.

Prokurorluq cinayətin miqyasının əvvəlki sızmalarla müqayisə oluna bilməyəcəyini qeyd edib. Məhkəmənin vaxtı daha sonra təyin olunacaq. Saxlanılan şəxs təqsirli olduğunu qəbul etmir. Prokurorluq ondan əlavə, daha altı nəfəri də cinayət ortağı olmaqla ittiham edir: “Samsung” şirkətinin bir əməkdaşı və Çin yarımkeçirici şirkətinin beş əməkdaşı.

© copyright 2022 | tech.az | info@tech.az