İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi, "SYSLAB” MMC-nin tərəfdaşlığı və “PAŞA Holding”in sponsorluğu ilə təsis edilmiş Sumqayıt İnnovasiya Mərkəzinin (Sumgait Innovation Hub) açılış mərasimi keçirilib. Tədbirdə qonaq qismində dövlət rəsmiləri, tanınmış texnologiya blogerləri, ekosistem oyunçuları, startapçılar və İKT icmasının üzvləri iştirak ediblər.
Tədbirin açılış nitqində rəqəmsal inkişaf inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Sumqayıt İnnovasiya Mərkəzinin yaradılmasının ölkə üzrə vahid innovasiya şəbəkəsinin növbəti mərhələ olduğunu bildirib. “Bu mərkəz ölkədə innovasiya mədəniyyətinin formalaşmasına və güclənməsinə dəyər qatan ideyaların yarandığı məkan rolunu oynayacaq. Mərkəz əhatəli infrastruktur şəbəkəsi ilə startap ekosistemini inkişaf etdirmək və ümumilikdə innovativ təfəkkürlü yeni nəsli yetişdirmək məqsədini daşıyır”, - deyə S. Məmmədov qeyd edib.
Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edib. O, Sumqayıt İnnovasiya Mərkəzinin yaradılmasını şəhər gənclərinin sosial həyatında əlamətdar hadisə olduğunu bildirib və Mərkəzin Sumqayıt gənclərinin gələcəkdə innovativ fikirlərini bölüşə bilmələri üçün mükəmməl məkana çevriləcəyindən əminliyini ifadə edib. T. Səmədov, həmçinin İRİA və digər qurumlara bu təşəbbüsüə dəstək göstərdiyi üçün təşəkkür edib.
Növbəti çıxışlar zamanı Azərbaycan İnnovasiya Mərkəzinin rəhbəri Elvin Hacıyev və Sumqayıt İnnovasiya Mərkəzinin rəhbəri İlqar Adgözəlov Mərkəzdə yaradılan şərait, ofis məkanları, Mərkəzin tərəfdaş olduğu qurumlarla gələcək planları və yaxın zamanda təşkil ediləcək təbdirlər haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, Sumqayıt İnnovasiya Mərkəzi ümumi sahəsi ərazisi 750 kvadrat metrdən ibarət olan ofis sahələri, kovörkinq, kompüter və görüş otaqları, prototipləşdirmə laboratoriyası, toplantı və təqdimat otaqları, tədbir zalları və istirahət zonalarını özündə birləşdirir. Mərkəzdə müxtəlif innovasiyayönümlü layihələr həyata keçiriləcək. Startaplar inkubasiya və akselerasiya proqramlarında iştirak etmək, layihələrini təqdim etmək, şirkətlərlə görüşlər keçirmək və tərəfdaşlıq yaratmaq imkanı əldə edəcəklər. Bu məqsədlə təchizatçı universistetlərlə və texnoparklarla birgə fəaliyyət nəzərdə tutulub. Sumqayıt İnnovasiya Mərkəzi haqqında daha ətraflı məlumatı https://innovationhub.az/ saytı üzərindən əldə etmək mümkündür.