Tacikistandan olan “epsilon3.ai” startapı beynəlxalq səviyyəli Silkway Accelerator proqramının final mərhələsinə yüksəlib. Bu proqram “Google for Startups” və “Astana Hub” tərəfindən dəstəklənir və Mərkəzi Avrasiya regionunun ən perspektivli texnoloji təşəbbüslərini bir araya gətirir.
İyulun 8-də Qazaxıstanın paytaxtı Astanada keçirilən seçim mərhələsində 6 ölkədən – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Azərbaycan və Monqolustandan seçilən 15 finalçı arasında “epsilon3.ai” öz innovativ süni intellekt həlləri ilə fərqlənib. Startap hökumət qurumlarına yönəlik anomaliya aşkarlanması, proqnozlaşdırma və avtomatlaşdırılmış idarəetmə prosesləri üzrə AI əsaslı texnoloji xidmətlər təklif edir.
Startapın rəhbəri Najima Noyoftova bildirib ki, komanda artıq ilk dövlət müqaviləsi üzərində işləyir, məhsulun son versiyasını hazırlayır və komandanı böyütməyə hazırlaşır:
“İlin sonuna qədər illik təkrarlanan gəlirimizi (ARR) 1 milyon dollara çatdırmağı hədəfləyirik. Bu akseleator proqramı bizim üçün start platformasıdır.”
Silkway Accelerator Mərkəzi Avrasiya regionunda məhsul-bazar uyğunluğu (product-market fit) olan və ya genişlənmə potensialı göstərən startapları dəstəkləyən nüfuzlu bir proqramdır. Altıncı dövr üçün 200-dən çox müraciət nəzərdən keçirilib və yalnız 15-i seçilib. Proqram başladığı gündən bu günə qədər 1500-dən çox müraciət qəbul edib, 77 startapı dəstəkləyib və 28 milyon dollardan çox sərmayənin cəlb olunmasına vasitəçilik edib. Hal-hazırda proqram iştirakçılarının ümumi bazar dəyəri 500 milyon dollardan çoxdur.
Final mərhələyə yüksələn startaplar 3 ay boyunca Astanada intensiv mentorluq, biznes inkişafı dəstəyi, ofis və yaşayış imkanlarından faydalanacaq. Proqramın sonunda isə oktyabr ayında keçiriləcək “Digital Bridge 2025” tədbirində təşkil olunacaq Demo Day zamanı investorlar və texnologiya nəhəngləri qarşısında təqdimat edəcəklər.