Tayvan prokurorluğu OnePlus şirkətinin qurucusu və baş direktoru Pit Lau barəsində həbs orderi verib. Bloomberg nəşrinin yazdığına görə, Pit Lau 2014-cü ildən etibarən Tayvan ərazisində mühəndisləri qanunsuz şəkildə işə götürməkdə ittiham olunur.
Məlumata əsasən, Pit Lau və onunla əməkdaşlıq edən iki Tayvan vətəndaşı “Tayvan regionu ilə materik ərazi arasındakı münasibətlərin tənzimlənməsi haqqında qanun”u pozmaqda günahlandırılır.
Nəşr qeyd edir ki, Tayvanda Çin üçün mütəxəssislərin cəlb edilməsi halları tez-tez baş verir. Bunun səbəblərindən biri tərəflərin eyni dildə danışması, digəri isə adada dünyanın ən güclü texnologiya mütəxəssislərindən bəzilərinin yaşamasıdır.
Buna cavab olaraq Taypey milli təhlükəsizlik arqumenti ilə, xüsusilə qlobal miqyasda aparıcı olan yarımkeçirici sənayesini qorumaq məqsədilə ciddi məhdudiyyətlər tətbiq edib. Belə ki, Çin şirkətlərinə hökumətin rəsmi icazəsi olmadan Tayvanda müəssisə açmağa və ya işçi cəlb etməyə icazə verilmir.
Hazırda Tayvan Çin texnologiya sənayesinin təsirinə qarşı mübarizəni gücləndirir, kadr axınının və intellektual mülkiyyətin ölkədən çıxmasının qarşısını almaq üçün əlavə tədbirlər görür.
