Telegram 2025-ci il ərzində qadağan olunmuş mövzularla əlaqəli 44 milyondan çox qrup və icmanı bloklayıb. Bu barədə platformanın rəsmi açıqlamasında bildirilir.
Məlumata görə, moderasiya prosesi istifadəçi şikayətləri ilə yanaşı, maşın öyrənməsinə əsaslanan proaktiv monitorinq üzərində qurulub. Hazırda bu fəaliyyət süni intellektə əsaslanan qabaqcıl moderasiya alətləri ilə daha da gücləndirilib.
Açıqlanan statistikaya əsasən, 2025-ci ildə ümumilikdə 44 085 169 qrup və kanal bloklanıb. Onlardan 952 318-i uşaqlara qarşı cinsi zorakılıq materialları (CSAM) ilə, 236 573-ü isə terrorizm fəaliyyəti ilə əlaqəli olub.
Telegram bildirib ki, platforma hər gün on minlərlə qrup və kanalı bloklayır, həmçinin istifadə qaydalarını pozan — zorakılığa çağırış, uşaqlara qarşı zorakılıq materiallarının yayılması və qanunsuz malların alqı-satqısı kimi — milyonlarla məzmunu silir.
