Telegram messencerinə inteqrasiya olunmuş "Pulqabı" xidməti (Wallet) kripto-maliyyə bazarına yeni bir pəncərə açaraq, istifadəçilərə Amerika Birləşmiş Ştatlarının qabaqcıl şirkətlərinin tokenləşdirilmiş səhmləri ilə ticarət imkanı yaratdı. Bu təklifə "Nvidia", "Tesla", "Apple", "Alphabet", "Microsoft", "Oracle" və "Amazon" kimi dünyanın ən böyük texnologiya korporasiyalarının qiymətli kağızları daxildir. Eyni zamanda, investorlar "ProShares UltraPro QQQ", "Invesco QQQ", "SPDR S&P 500" və "Vanguard Total Stock Market Index Fund" kimi aparıcı birja fondlarının (ETF) tokenləşdirilmiş versiyalarına da çıxış əldə edirlər.
Bu tokenləşdirilmiş alətlər "Pulqabı"nın depozitar (custodial) versiyasında, xüsusi olaraq yaradılmış "Səhmlər" və "Fondlar" bölmələrində müəyyən edilmiş regionların istifadəçiləri üçün aktivləşdirilib. Xidməti təqdim edən tərəf coğrafi məhdudiyyətləri tam açıqlamasa da, yeni funksionallığın mərhələli şəkildə bütün istifadəçi auditoriyasına yayılacağını bəyan edir. Ticarət prosesi ABŞ birjalarının ənənəvi iş qrafikindən asılı deyil; bazar ertəsindən cümə gününə qədər həftənin beş günü, günün 24 saatı fasiləsiz ticarət aparmaq mümkündür.
Bütün maliyyə əməliyyatları USDT stabilkoinindən istifadə etməklə həyata keçirilir. İnvestorları stimullaşdırmaq məqsədilə səhm əməliyyatlarına tətbiq edilən komissiya haqqı 2026-cı il yanvarın 1-dək müvəqqəti olaraq ləğv edilib. Bu xidmətin digər üstünlüyü kiçik investisiyaların mümkünlüyüdür: istifadəçilər qiymətli kağızın cəmi $1 dəyərində olan hissəsini almaqla ticarətə başlaya bilərlər. Satın alınmış tokenlərin Telegram-dakı kontaktlar arasında transferi isə tamamilə ödənişsizdir.
Qeyd edək ki, tokenləşdirilmiş səhmlər reallıqda mövcud olan səhmlərlə "birə-bir" nisbətdə dəstəklənən rəqəmsal tokenlərdir. Tokenləşdirilmiş fondlar isə müxtəlif istiqraz və səhmlərdən təşkil olunmuş birja fondlarının blokçeyn texnologiyası üzərində qurulmuş nüsxələridir. Lakin, hüquqi baxımdan bu rəqəmsal aktivlər sahiblərinə səhmə mülkiyyət hüququ və ya rəsmi səhmdar statusu vermir. Bəzi səhmlər üzrə dividentlər nəzərdə tutulduğu halda, token sahibləri bu ödənişləri tokenin özü şəklində öz balanslarına qəbul edirlər.
Bu ticarət imkanının istifadəyə verilməsindən bir qədər əvvəl, iyulun 22-də ABŞ istifadəçiləri üçün "Pulqabı"nın bir hissəsi olan və daha çox "TON Space" adı ilə tanınan "TON Pulqabısı"nın — yəni, qeyri-depozitar (şəxsi açarların istifadəçidə qaldığı) versiyasının istifadəsinə icazə verilmişdir.
