“Tether” şirkəti investorlardan 15-20 milyard dollar investisya cəlb etmək üçün danışıqlar aparır. “Financial Times” və “Bloomberg”in məlumatlarına görə, əgər bu sövdələşmə uğurla başa çatsa, “Tether”in dəyəri 500 milyard dollara yüksələcək və onu dünyanın ən bahalı özəl şirkətlərindən birinə çevirəcək.
Mənbələrin bildirdiyinə görə, “Tether” 3% yeni səhm buraxaraq özəl yerləşdirmə həyata keçirməyi planlaşdırır. Lakin qeyd olunur ki, sövdələşmənin detalları dəyişə bilər. Şirkətin baş direktoru Paolo Ardoino “X” (keçmiş “Twitter”) hesabında bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, cəlb olunan vəsaitlər “Tether”in strategiyasını genişləndirməyə, xüsusilə də steylkoinlər, süni intellekt, xammal ticarəti, energetika, kommunikasiya və media kimi yeni biznes sahələrinə yönəldiləcək.
Əgər “Tether”in dəyərləndirilməsi həqiqətən 500 milyard dollara çatsa, o, bu göstəriciyə görə hazırkı lider olan “SpaceX”i (330 milyard dollar) geridə qoyacaq. Hal-hazırda ikinci yerdə isə “TikTok”un sahibi olan Çin şirkəti “ByteDance” (330 milyard dollar) dayanır.
“Tether” ABŞ dollarına bağlı olan USDT tokeninin emitentidir və ən böyük steylkoin hesab olunur. 24 sentyabr tarixinə onun kapitallaşması 172.77 milyard dollar təşkil edir. Müqayisə üçün, ikinci yerdə olan “Circle” şirkətinin USDC steylkoininin kapitallaşması 72.95 milyard dollardır.
Bundan başqa, sentyabrın əvvəlində “Financial Times” “Tether”in qızıl hasilatı sahəsinə investisiya qoymaq üçün danışıqlar apardığını öyrənmişdi. Şirkət qızılın bütün təchizat zəncirinə — hasilat və emaldan ticarətə qədər — vəsait yatırmaq niyyətindədir. Ötən may ayında Paolo Ardoino qızılı “təbiətin bitkoini” adlandırmışdı.
