Az | EN

Tozoran istehsalçısı Dreame CES 2026-da ilk elektrik idman avtomobilini təqdim etdi

Cəmil Hüseynzadə
07 Yanvar 2026 11:17
64 baxış
Tozoran istehsalçısı Dreame CES 2026-da ilk elektrik idman avtomobilini təqdim etdi

Robot tozsoranlar və məişət texnikası ilə tanınan Çin şirkəti Dreame CES 2026 sərgisində gözlənilməz addım ataraq ilk elektrik idman avtomobilini nümayiş etdirib. Nebula adlı konsept-model ekstremal texniki göstəriciləri ilə dərhal diqqət çəkib.

Şirkətin məlumatına görə, Nebula maksimum 1876 at gücü hasil edir və 0-dan 100 km/saat sürətə cəmi 1,8 saniyəyə çatır. Avtomobil hər təkər üçün ayrıca olmaqla dörd elektromotorla təchiz olunub ki, bu da tam ötürücünü və fırlanma anının effektiv paylanmasını təmin edir.

Aerodinamik xüsusiyyətlərə iri antikril, iki səviyyəli arxa diffuzor və karbon lifindən geniş istifadə daxildir. Bu elementlər yüksək sürətlərdə stabillik və yol tutumunu qorumağa yönəlib. Sinfinə görə, Nebula artıq ən sürətli Çin elektrik idman avtomobilləri ilə müqayisə olunur.

Konsept uzadılmış təkər bazasına malik dördqapılı kupe formatında hazırlanıb. Dizaynda klassik qapı dəstəkləri yoxdur, lakin istehsal versiyasında tənzimləyici tələblərə uyğun dəyişikliklərin ediləcəyi gözlənilir.

Modelin bazara çıxışı 2027-ci ilə planlaşdırılır. İstehsalın Almaniyada, Berlin şəhərində, BNP Paribas-ın maliyyə dəstəyi ilə qurulacağı bildirilir.

İlkin məlumatlara əsasən, Dreame avtomobilləri Kosmera adlı ayrıca brend altında təqdim edə bilər. Model sırası iki istiqamətə bölünəcək: yüksək performanslı idman avtomobilləri və daha komfortlu, premium sinfə aid elektrik avtomobilləri.

© copyright 2022 | tech.az | info@tech.az