ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində özünə aid saxta Wikipedia səhifəsinin görüntüsünü paylaşıb. Həmin görüntüdə Tramp “Venesuelanın icraçı prezidenti” (“Acting President of Venezuela”) kimi təqdim olunur.

Paylaşım bazar günü edilib və bu addım Venesuelada baş verən son siyasi hadisələr fonunda satirik zarafat kimi qiymətləndirilir. Tramp bununla ölkənin müvəqqəti prezidenti Delcy Rodríguezin ünvanına istehza edib.
Qeyd edək ki, Venesuelanın keçmiş prezidenti Nikolás Maduro ötən həftə ABŞ qüvvələrinin Karakasa keçirdiyi əməliyyat zamanı həyat yoldaşı Cilia Flores ilə birlikdə saxlanılaraq Nyu-Yorka aparılıb. O, narkoterrorizm ittihamları ilə Manhetten məhkəməsi qarşısına çıxarılıb, lakin ittihamları qəbul etməyərək özünü hələ də Venesuelanın legitim lideri hesab etdiyini bildirib.
Əməliyyatdan sonra Donald Tramp yüksək vəzifəli kabinet üzvlərinin iştirakı ilə açıqlama verərək, Venesuelada azad və ədalətli prezident seçkiləri keçirilənədək ölkənin idarə olunmasında Vaşinqtonun rol oynayacağını bəyan edib.
Mediada yayılan məlumatlara görə, yaranmış hakimiyyət boşluğu ABŞ dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi kiçik komitə tərəfindən müvəqqəti olaraq doldurulacaq. Komitəyə həmçinin müdafiə naziri, Baş Qərargah rəisi, MKİ direktoru və bir sıra digər yüksək vəzifəli rəsmilər daxildir.
Delcy Rodríguezin bu komitə ilə əməkdaşlıq etməsi tövsiyə olunub. Tramp daha sonra bildirib ki, Rodríguezin əməkdaşlığa razılıq verməsi səbəbilə Venesuelaya planlaşdırılan ikinci hücum dalğasını dayandırıb.
Bu arada Tramp ABŞ-ın aparıcı neft şirkətlərinin rəhbərləri ilə Venesuelanın təbii ehtiyatlarının idarə olunması məsələsini müzakirə edib. ExxonMobil şirkətinin baş icraçı direktoru Darren Woods Venesuelanı hazırkı şəraitdə “investisiya üçün yararsız” adlandırıb.
Bu açıqlama Trampın narazılığına səbəb olub. O, Air Force One təyyarəsində jurnalistlərə deyib ki, ExxonMobil-in Venesueladan kənarda saxlanılması mümkündür.
Prezident eyni zamanda Kubaya da hədə-qorxu gəlib. O bildirib ki, Kuba artıq Venesueladan maliyyə və neft dəstəyi almayacaq və zarafatla Marko Rubionun Kubanın növbəti lideri ola biləcəyini qeyd edib.
Marko Rubio isə NBC kanalında çıxışı zamanı ABŞ-ın Kuba rejiminə qarşı sərt mövqedə olduğunu və Maduronun hakimiyyətdə qalmasında Havananın mühüm rol oynadığını vurğulayıb.
