Az | EN

Tural Məmmədov: "Azərbaycanda dövlət qurumlarına podratçı şəbəkələri vasitəsilə kiberhücumlar artır"

Cəmil Hüseynzadə
04 İyun 2026 14:58
44 baxış
Tural Məmmədov: "Azərbaycanda dövlət qurumlarına podratçı şəbəkələri vasitəsilə kiberhücumlar artır"

Azərbaycanda dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücumların əhəmiyyətli hissəsi podratçı və xidmət təminatçısı şirkətlər üzərindən təşkil olunur. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov IV Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, son dövrlərdə qeydə alınan hücumların bir qismi təchizat zənciri vasitəsilə həyata keçirilib. Aparılan araşdırmalar göstərib ki, kibercinayətkarlar əvvəlcə dövlət qurumları ilə əməkdaşlıq edən şirkətlərin şəbəkələrinə daxil olur, daha sonra həmin etibarlı əlaqələrdən istifadə edərək dövlət informasiya sistemlərini hədəfə alırlar.

Tural Məmmədov bildirib ki, ölkənin kibertəhlükəsizlik səviyyəsi yalnız dövlət qurumlarının deyil, onlara xidmət göstərən şirkətlərin də təhlükəsizlik hazırlığından asılıdır. O, Milli Kibertəhlükəsizlik Agentliyinin özəl sektorda kibermüdafiə standartlarının gücləndirilməsinə və şirkətlərin bu sahədə imkanlarının artırılmasına töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

© copyright 2022 | tech.az | info@tech.az