Türkiyənin ilk GSM operatoru Turkcell-in satışı uzun müddətdir müzakirə olunur. Bloomberg-in məlumatına görə Türkiyə Varlık Fonu ölkənin ən böyük telekommunikasiya şirkətlərindən biri olan Turkcell-dəki 26.2% payını satmağı planlaşdırır.
Turkcell-in əhəmiyyətli payını almaq üçün potensial alıcılar arasında Azərbaycan şirkətlər qrupu NEQSOL Holding adı keçir. Türk jurnalist Toyqun Atilla yayımladığı məlumatda “Hələ ki, rəsmi satış qərarı yoxdur, amma mütləq tələb edənlər var. Öyrəndim ki, Turkcell-i yaxından izləyən azərbaycanlı qrup son həftələrdə Ankaraya gələrək əlaqə saxlayıb. Əldə etdiyim məlumata görə, Turkcell-i yaxından qeyd edən Azərbaycan qrupu GSM-də çox təcrübəlidir. Adı NEQSOL Holdingdir.” sözlərini qeyd edib.
Bloomberg-ə adının çəkilməsini istəməyən mənbə bildirib ki, potensial alıcılarla qeyri-rəsmi danışıqlar aparılıb, lakin TVF İdarə Heyətinin bəzi üzvləri Turkcell-in strateji bir varlıq kimi göründüyü üçün satışa qarşı çıxıblar. Yekun qərarı TVF İdarə Heyətinə sədrlik edən prezident Rəcəb Tayyib Ərdoğan verəcək.
NEQSOL Holding müxtəlif sahələrdə fəaliyyət göstərən bir şirkətlər qrupudur və telekommunikasiya sektorunda böyük təcrübəyə malikdir. Telekommunikasiya sahəsində Vodafone Ukrayna, Bakcell, Azerconnect Group, AzerTelecom kimi şirkətlər holdiqin idarəsindədir. Şirkət Turkcell-in payını almaqla, bu sahədəki mövqeyini daha da gücləndirmək niyyətindədir.
NEQSOL Holding daha əvvəl də telekommunikasiya sahəsində böyük layihələr həyata keçirmişdir və bu sahədəki təcrübəsi ilə tanınır. Şirkətin bu addımı Azərbaycanın telekommunikasiya sektorunda mövqeyini gücləndirmək və beynəlxalq səviyyədə daha da böyümək istəyi ilə əlaqələndirilir.
Bloomberg-in xəbərinə görə, satış prosesinin detalları hələ tam müəyyən edilməmişdir və prosesin hansı şərtlərlə həyata keçiriləcəyi haqqında əlavə məlumat verilməyib. Bununla belə, bu addımın Turkcell və telekommunikasiya sektorunda mühim dəyişikliklərə səbəb olacağı gözlənilir.