Az | EN

Türkiyədə 13 eSIM təminatçısına BTK tərəfindən giriş məhdudiyyəti tətbiq edilib

Nigar Sultanli
11 İyul 2025 14:22
99 baxış
Türkiyədə 13 eSIM təminatçısına BTK tərəfindən giriş məhdudiyyəti tətbiq edilib

Türkiyənin Bilgi Texnologiyaları və İletişim Kurumu (BTK) Airhub, Airalo, aloSIM, BNESIM, GlobaleSIM, FlexiRoam, Holafly, Holiday eSIM, Nomad, Instabridge, Mobimatter və Roamless daxil olmaqla ümumilikdə 13 eSIM təminatçısına ölkə daxilində girişə məhdudiyyət tətbiq edib.

Bu qərar, İfade Azadlığı Dərnəyi tərəfindən ictimaiyyətə çatdırılıb və sosial mediada, xüsusilə Ekşi Sözlük platformasında qısa müddətdə geniş müzakirə mövzusuna çevrilib. Qeyd olunur ki, yalnız bir neçə saat ərzində bu mövzuda 10-dan çox səhifə müzakirə aparılıb.

BTK tərəfindən rəsmi olaraq məhdudiyyətin səbəbləri açıqlanmasa da, bu addım xüsusilə Airalo şirkətinin son zamanlarda əldə etdiyi böyük investisiya turunu izləyir. Belə ki, Airalo CVC rəhbərliyi altında 220 milyon dollar dəyərində investisiya cəlb edərək eSIM sahəsində dünya miqyasında “unicorn” statusu qazanan ilk yerli startap olmuşdu.

Bu məhdudiyyətin texnoloji ekosistemə və istifadəçilərə hansı təsirləri olacağı hələlik tam məlum deyil. Lakin ölkədə rəqəmsal xidmətlərə çıxışın məhdudlaşdırılması texnoloji inkişaf və istifadəçi rahatlığı baxımından suallar doğurur.

Mövzu ilə bağlı BTK-dan hələlik əlavə açıqlama verilməyib. İstifadəçilər və sənaye nümayəndələri isə qərarın səbəblərinin şəffaf şəkildə izah edilməsini və məhdudiyyətlərin aradan qaldırılmasını gözləyir.

© copyright 2022 | tech.az | info@tech.az