Az | EN

Türkiyədə "Twitter"ə tətbiq olunan qadağa aradan qalxdı

Bənövşə Kazımova
09 Fevral 2023 11:33
435 baxış
Türkiyədə "Twitter"ə tətbiq olunan qadağa aradan qalxdı

Dünən Türkiyədə bölgə üçün həm zəlzələ koordinasiyası, həm də kommunikasiya üçün kritik əhəmiyyət kəsb edən Twitter-ə giriş saat 16:30 radələrində bloklanmış və ictimaiyyətin kəskin reaksiyalarına səbəb olmuşdu. Bildirilib ki, daha sonra Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə Twitter arasında görüş olub.

Nəqliyyat və İnfrastruktur Nazirinin müavini Ömər Fatih Sayanın Twitter rəhbərləri ilə keçirdiyi görüşdə Twitter-in dezinformasiya ilə mübarizədə Türkiyə ilə daha çox əməkdaşlıq etmək öhdəliyi götürdüyü məlum olub. Ömər Fatih Sayan verdiyi açıqlamada Twitter ilə razılaşma əldə edildiyini və Twitter-ə tətbiq olunan qadağanın götürüldüyünü bildirib.

Əldə edilən məlumata görə, Twitter saxta xəbərlər, dezinformasiyalar və saxta hesablarla bağlı Türkiyə ilə əməkdaşlıq etməyə razılaşıb. Twitter 5651 saylı qanun çərçivəsində şəxsi hüquqları, ictimai asayişi pozan, həyat təhlükəsizliyini təhlükə altına alan yazılara qarşı atılacaq addımlarla bağlı daha həssas olacağını bildirib. 

Qeyd edək ki, Twitter hazırda yenidən açılıb. Hazırda həm internet provayderləri, həm də mobil operatorlar məhdudiyyəti mərhələli şəkildə aradan qaldırırlar. Bu proses bir qədər çəkə bilər, lakin platformaya girişin tezliklə tamamilə bərpa olunması gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az