“Twitter” istifadəçi adlarını satmaq üçün hərrac təşkil etmək imkanlarını araşdırır. Bu barədə “The New York Times” məlumatı verib.
Qəzetin verdiyi məlumatda bildirilib ki, şirkət bu addımın ona yeni gəlir mənbəyi əldə etməyə kömək edəcəyinə ümid edir. Hətta “Twitter” dekabr ayından istifadəçi adlarını satmaq üçün danışıqlar aparır. Şirkət sosial şəbəkə istifadəçilərinin adlarla bağlı təklif ala biləcəyi onlayn hərracların keçirilməsini müzakirə edir. Söhbət “@” işarəsindən sonra gələn adlar, simvollar və nömrələrin satılacağı onlayn hərracların keçirilməsindən gedir.
Xatırladaq ki, amerikalı iş adamı, milyarder İlon Mask platformanı 2022-ci ilin oktyabrında 44 milyard dollara alıb. O, şirkət işçilərinin təxminən yarısını işdən çıxardıqdan sonra bəzi tanınmış jurnalistlərin hesablarını bloklayıb. “Forbes”in açıqlamasında görə, Mask bir il ərzində 100 milyard dollar itirən ilk şəxs olub.