Uber və Nvidia şirkətləri robotaksi xidmətlərinin genişmiqyaslı tətbiqi üçün əməkdaşlıq etdiklərini elan ediblər.
Planlara əsasən, Nvidia-nın Drive Hyperion və Alpamayo texnologiyaları ilə işləyən pilotsuz avtomobillər 2027-ci ildən etibarən Uber platformasında istifadəyə veriləcək. Layihə ilkin mərhələdə Los-Anceles və San-Fransisko şəhərlərində başlayacaq, daha sonra isə 2028-ci ilə qədər dünya üzrə 28 şəhərə genişləndiriləcək.
Şirkətlərin bildirdiyinə görə, bu avtomobillər mürəkkəb yol şəraitini idarə etmək üçün nəzərdə tutulmuş “düşünmə əsaslı” süni intellekt modeli ilə təchiz ediləcək.
Layihənin ilk mərhələsində şəhər şəraitinə uyğun məlumat toplamaq üçün xüsusi nəqliyyat vasitələri istifadə olunacaq. Daha sonra operator nəzarəti altında sınaqlar keçiriləcək və son mərhələdə tam sürücüsüz — Level 4 səviyyəli robotaksi xidmətinə keçid hədəflənir.
Uber qeyd edib ki, bu əməkdaşlıq şirkətin öz texnologiyasını inkişaf etdirmək əvəzinə müxtəlif avtonom nəqliyyat texnologiyası istehsalçıları ilə işləmək strategiyasına uyğundur.
