YouTube və digər sosial media platformaları azyaşlıların onlayn təhlükəsizliyi ilə bağlı beynəlxalq müzakirələr fonunda valideyn nəzarəti funksiyalarını genişləndirir.
Google-a məxsus platforma çərşənbə günü açıqlayıb ki, xüsusilə uşaqlar və yeniyetmələrin YouTube Shorts-a sərf etdiyi vaxta nəzarətlə bağlı yeni valideyn alətləri tətbiq olunur. Artıq valideynlər övladlarının bağlı hesablarının Shorts — TikTok və Instagram Reels-ə bənzər qısa videolar — izləməsinə gündəlik vaxt limiti qoya biləcəklər.
Bundan əlavə, valideynlər Shorts-a baxışı tamamilə bloklaya və ya müvəqqəti məhdudlaşdıra biləcəklər. Məsələn, uşaq dərs üçün YouTube-dan istifadə etməli olduqda yalnız tədris məzmununa baxmasına icazə verilə bilər.
YouTube həmçinin valideynlərə fərdi “yatma vaxtı” və “fasilə ver” xatırlatmaları qurmaq imkanı yaradacaq. Bu funksiyalar böyüklər üçün də əlçatandır və istifadəçilər özləri üçün limitlər təyin edə bilərlər.
Yaxın həftələrdə tətbiqdə qeydiyyat prosesi də yenilənəcək ki, valideynlər və uşaqlar hesablar arasında daha asan keçid edə bilsinlər. Yeni funksiyalar YouTube-un yeniyetmələr üçün mövcud nəzarət mexanizmlərini tamamlayır. Qeyd edək ki, platforma ötən il hesabın yeniyetməyə məxsus olub-olmadığını müəyyən edən yaş təyinetmə texnologiyasını da təqdim etmişdi.
