Az | EN

Vibe-coding startapı Windsurf yeni süni intellekt modellərini təqdim edib: SWE-1, SWE-1-lite və SWE-1-mini

Nigar Sultanli
16 May 2025 10:03
116 baxış
Vibe-coding startapı Windsurf yeni süni intellekt modellərini təqdim edib: SWE-1, SWE-1-lite və SWE-1-mini

Proqram mühəndisləri üçün məşhur süni intellekt alətləri inkişaf etdirən Windsurf startapı ilk özəl süni intellekt proqram mühəndisliyi modelləri ailəsini – SWE-1 seriyasını təqdim edib. Startap SWE-1, SWE-1-lite və SWE-1-mini modellərini yalnız kodlaşdırmaya deyil, bütövlükdə proqram mühəndisliyi prosesinə optimallaşdırıldığını bildirir.

Windsurf-un daxili süni intellekt modellərinin təqdimatı bəzi tərəfdarları üçün gözlənilməz ola bilər, çünki OpenAI şirkətinin Windsurf-u 3 milyard dollarlıq anlaşma ilə almaq üzrə olduğu xəbərləri yayılmışdı. Lakin bu model lansmanı göstərir ki, Windsurf təkcə proqram tətbiqləri yaratmaqla kifayətlənmir, həm də bu tətbiqləri gücləndirən modellərin özünü inkişaf etdirməyə çalışır.

Windsurf-un məlumatına görə, SWE-1 modeli öz daxili proqramlaşdırma testlərində Claude 3.5 Sonnet, GPT-4.1 və Gemini 2.5 Pro modelləri ilə rəqabət aparır. Lakin SWE-1 frontier səviyyəli süni intellekt modelləri – məsələn, Claude 3.7 Sonnet – ilə müqayisədə proqram mühəndisliyi tapşırıqlarında bir qədər geri qalır.

SWE-1-lite və SWE-1-mini modelləri bütün istifadəçilər üçün, həm pulsuz, həm də ödənişli platforma istifadəçilərinə açıq olacaq. SWE-1 isə yalnız ödənişli istifadəçilərə təqdim ediləcək. Windsurf SWE-1 modellərinin qiymətini hələ açıqlamayıb, lakin xidmətin Claude 3.5 Sonnet-dən daha sərfəli olduğunu vurğulayır.

Windsurf vibe-coding (konversasiya yolu ilə kodlaşdırma) sahəsində alətləri ilə tanınır. Cursor və Lovable kimi digər vibe-coding startap-lar da var. Ənənəvi olaraq bu şirkətlər OpenAI, Anthropic və Google-un süni intellekt modellərindən istifadə ediblər.

Windsurf-un tədqiqat rəhbəri Nicholas Moy təqdimat videosunda bildirmişdir ki, “Bugünkü frontier modellər kod yazmaq üçün optimallaşdırılıb və bu sahədə böyük irəliləyişlər əldə olunub, lakin bu kifayət deyil... Kodlaşdırma proqram mühəndisliyi deyil.”

Windsurf-un blog postuna əsasən, digər modellər yaxşı kod yaza bilirlər, lakin proqramçının iş mühitində — terminal, IDE və internet kimi müxtəlif platformalar arasında işləməkdə çətinlik çəkirlər. SWE-1 modeli “yarımçıq vəziyyətlər, uzun müddətli tapşırıqlar və çoxsaylı iş mühitlərini” nəzərə alan yeni təlim metodologiyası ilə hazırlanıb.

Startap SWE-1 modelini “ilk konsept sübutu” kimi təqdim edir və gələcəkdə daha çox süni intellekt modelinin inkişaf etdiriləcəyini bildirir.

© copyright 2022 | tech.az | info@tech.az