Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda fırıldaqçılıq və kibercinayətkarlığa qarşı mübarizəni daha da gücləndirir. Bu barədə AMB-nin sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda beynəlxalq tədbir çərçivəsində məlumat verib.
Onun sözlərinə görə, Mərkəzi Bank daxilində informasiya təhlükəsizliyi və kibercinayətkarlıq üzrə müvafiq departament, eləcə də anti-fraud mərkəzi fəaliyyət göstərir. İlin sonunadək dələduzluğa qarşı mübarizəni daha da gücləndirəcək yeni qaydaların tətbiqi nəzərdə tutulur.
Vüsal Xəlilov bildirib ki, sektor üzrə limitlərin müəyyənləşdirilməsi və risk əsaslı nəzarət mexanizmlərinin tətbiqi də Mərkəzi Bankın diqqət mərkəzindədir. O qeyd edib ki, müxtəlif dövlət qurumları ilə səmərəli əməkdaşlıq nəticəsində artıq bu sahədə mühüm nailiyyətlər əldə olunub.
Sədr müavini vurğulayıb ki, maliyyə fırıldaqçılığına qarşı mübarizədə əhalinin maarifləndirilməsi əsas prioritet istiqamətlərdən biridir. Bu məqsədlə aidiyyəti assosiasiyalarla birgə davamlı iş aparılır.
Sammitdə çıxışı zamanı Vüsal Xəlilov ölkədə rəqəmsal ödənişlərin inkişafı ilə bağlı göstəricilərə də toxunub. Onun sözlərinə görə, may ayında Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə yüksəlib və qarşıdakı dövrdə bu göstəricinin daha da artırılması planlaşdırılır.
O bildirib ki, Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir və sistemə qoşulan istifadəçilərin sayı davamlı olaraq artır.
Vüsal Xəlilov maliyyə sektorunun qarşılaşdığı əsas çağırışlardan birinin xərclərlə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, rəqəmsallaşma və nağdsız ödənişlərin inkişafı əlavə investisiyalar tələb etsə də, həyata keçirilən layihələr uzunmüddətli perspektivdə xərclərin azalmasına xidmət edir.
Sədr müavini əlavə edib ki, Az-QR ödənişləri hazırda bazarda ən aşağı xərcli ödəniş alətlərindən biridir. Bu sistem təsərrüfat subyektlərinin əməliyyat xərclərinin azaldılmasına və nağdsız hesablaşmaların genişlənməsinə mühüm töhfə verir.
Mərkəzi Bank rəqəmsal maliyyə xidmətlərinin inkişafı, təhlükəsiz ödəniş mühitinin formalaşdırılması və maliyyə sektorunda şəffaflığın artırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
