Meta, WhatsApp-ın Biznes API siyasətlərində əhəmiyyətli dəyişiklik edəcəyini elan etdi. Bu yeniliyə görə, 15 yanvar 2026-cı il tarixindən etibarən ChatGPT, Perplexity, Luzia və digər ümumi məqsədli süni intellekt çat-botlarının platforma üzərindən istifadəsi tamamilə qadağan ediləcək.
Şirkətin açıqlamasına görə, bu addım WhatsApp-ın əsas məqsədi olan bizneslərlə istifadəçilər arasındakı əlaqəni qorumaq və sistemin sabitliyini təmin etmək üçün atılır. Bundan sonra platformada yalnız müştəri xidmətləri, sifarişlərin idarə edilməsi və digər birbaşa biznes əməliyyatlarına fokuslanan botlara icazə veriləcək. Ümumi məqsədli çat-botlar isə WhatsApp-dan çıxarılacaq.
Bu qərar, platforma üzərində süni intellekt dəstəyi ilə mesajlaşma təcrübəsi yaşayan istifadəçilər üçün ciddi bir dəyişiklik deməkdir. İstifadəçilər artıq WhatsApp vasitəsilə ChatGPT kimi Sİ botları ilə ünsiyyət qura bilməyəcək, yalnız biznes funksiyaları ilə əlaqəli botlardan faydalana biləcəklər.
Mütəxəssislər, süni intellektin geniş yayılmasına baxmayaraq, bu qərarın platformaların təhlükəsizlik, məlumatların qorunması və biznes fokusunu qorumaq məqsədilə atdığı strateji addımlardan biri olduğunu bildirirlər.